Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi missiyası göndərməyəcək

3 Sentyabr 2015 19:10 (UTC+04:00)

Avropa Parlamenti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün nümayəndə heyəti göndərməyəcək. Bu barədə "Report"a Avropa Parlamentinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də baş tutacaq. Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan tərəfi ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyən beynəlxalq təşkilatlara dəvət göndərib. 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində ATƏT, AŞPA, Avropa Parlamenti, MDB və digər qurumların missiyaları iştirak edib.