Baytarlıq Xidmətindən zəhərli balıqlarla bağlı-AÇIQLMA

3 Sentyabr 2015 18:25 (UTC+04:00)

Bakıda mağazalarda, hətta paytaxtın iri super marketlərində zəhərli olduğu iddia olunan Panqasius balıqlarının satılması sosial şəbəkələrdə, mətbuatda geniş müzakirəyə səbəb olub. İddialara görə, Bakıda yenə insan sağlamlığı üçün təhlükə mənbəyi olan panqasius balığı satılır. Məlumatlara görə, Vyetnamın Mekonq çayından tutulan panqasius balığının tərkibi zəhərli maddələr, ağır metallarla zəngindir. Mekonq çayı öz növbəsində dünyanın ən çirklənmiş çayı sayılır. Mənbəyində kimya və müxtəlif zavodlar yerləşən çayın suyu insan dərisi və orqanizmi üçün olduqca təhlükəlidir. Çayda panqasius balığından başqa heç bir canlı yaşamır. Qeyd edək ki, dünyada ən zəhərli balıq növlərindən sayılan panqasiusun satışı bir çox Amerika və Avropa ölkələrində qadağan edilib. Panqasius balığının tərkibindəki xlor, metan və digər toksiki maddələr insan genefondunu məhv edir, beyin hüceyrələrini dağıdır. Balığı yedikdə insan orqanizimdə qanın laxtalanması tezləşir. Ağ ciyərlərin fəaliyyəti iflic vəziyyətə düşür. Veytnamda bu balığın kiloqramı 0,001 dollara, Azərbaycan pulu ilə 1 qəpikdən də ucuz - 0,0078 qəpiyədir. Movqe.az əhali arasında sözügedən balıqla bağlı yaranan narahatçılığa aydınlıq gətirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb. Y. Xanvəli Movqe.az-a açıqlamasında bildirib ki,  Panqasius balıqları ilə bağlı əhali arasında yaranmış narahatçılıq əsassızdır: "Bir dəfə də bu balıqların zəhərli olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. Həmin vaxt bizim mütəxəssislər Panqasius balıqları ilə bağlı  təkrar labarator müayinə apardılar. Amma insan səhhətinə zərər verəcək bir hal aşkarlanmadı. Hətta biz seçmə yolla bu balıqlardan götürdüyümüz nümunələri labarator müayinə üçün Türkiyəyə də göndərdik. Müayinələrin nəticəsi təmiz çıxdı".

Y. Xanvəli söyləyir ki, sözügedən balıqlar ölkəyə gətirilərkən də labarator müayinələrdən keçirilir: "Həmin balıqlar radioloji, toksikoloji, kimyəvi müayinələrdən keçirilir. Bu müayinələrdə təkcə bizim deyil, Dövlət Gömrük Xidmətinin əməkdaşları da iştirak edir. Çünki, ərzaq məsələsi həssas yanaşılmalı bir sahədir. Biz əhalinin sağlamlığını bir məhsulun satışına görə təhlükə qarşısında qoya bilmərik. Bu balıqlarda hələki insane sağlamlığı üçün zərərverici bir hal aşkarlanmayıb. Odur ki, bizim tərəfimizdən ölkəyə buraxılmasına icazə verilir".