İkili standartlar Qərb üçün bumeranq effekti verir

4 Sentyabr 2015 07:02 (UTC+04:00)

Azərbaycan cəmiyyətində Qərbə olan inam və etimad sürətlə azalır. Bir vaxtlar Qərbə yeni müstəqillik əldə edən ölkələr bir inam, problemlərin həlli mərkəzi kimi baxırdılar. Bu mənada da öz ölkələrində olan problemlərin həllində Qərbin onlara dəstək olacağını düşünürdülər. Amma zaman göstərdi ki, Qərbə bəslənən bu ümidlər əbəsdir.

Azərbaycan da uzun illərdir ki, Ermənistan tərəfdən işğala məruz qalıb. Amma daim dövlətlərin ərazi bütövlüyündən, sərhədlərin toxunulmazlığından danışan Qərb bu günə qədər torpaqlarımızın işğalına göz yumub. Digər tərəfdən, bir sıra hallarda Qərb öz gözündəki tiri görməyib, başqalarının gözündə tük axtarır. Məsələn, ölkəmizdə müəyyən şəxslər konkret cinayət törədib, məhkəməyə verilən kimi Qərb hay-küy qopararaq, Azərbaycan barədə qarayaxma kampaniyasına start verir, ona təzyiq göstərməyə çalışır. Bir sözlə, son illər Qərbin ölkəmizə münasibətdə yürütdüyü siyasət heç də onların uzun illərdən bəri bar-bar bağırdıqları sivil qaydalara uyğun deyil. Bütün bunların nəticəsi olaraq da, artıq Azərbaycan cəmiyyətində Qərbə olan inam və etimad sürətlə azalır.

Milli vəkili Fəzail Ağamalı bu xüsusda bildirir: "Azərbaycan cəmiyyətinin Qərbə olan inam və etimadının azalması onların ölkəmizə münasibətdə qeyri-obyektiv və qərəzli münasibətilə bağlıdır. Vaxtilə Qərbə münasibət Azərbaycanda yüksək səviyyədə idi. Çünki, sovet imperiyasının olduğu dövrlərdə Azərbaycan ciddi təzyiqlər altında idi. Dilimizə qarşı təpkilər vardı. Azərbaycanın bir dövlət olaraq inkişafına imkan verilmirdi. Sözün həqiqi mənasında, Azərbaycan periferiya hesab olunurdu, Kremlin müstəmləkəsi idi. Ona görə də millət olaraq daha çox Qərbə meylli idik, onu demokratiya, insan haqları, millət və xalqların azadlığı, dövlət müstəqilliyini qorumağın dayağı hesab edirdik. Bütün məsələlərdə onlardan ədalətli mövqe, dəstək gözləyirdik. Ancaq ötüb keçən zaman kəsiyində bunların tamamilə əksini gördük. Gördük ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, İrəvana qarşı sanksiyalar tətbiq olunmur, ona hər hansı bir təzyiq yoxdur. Qərb Ermənistanla Azərbaycan arasında paralellik yaradır, balans formalaşdırmağa cəhd edir, ikili standartlar var. Azərbaycan həqiqətləri kənarda qalıb. Qərb Ermənistanı işğal olunmuş torpaqlardan çıxmağa məcbur etmək əvəzinə, Azərbaycana münasibətdə demokratiya, insan haqları, söz, mətbuat azadlığından yapışmaqla təzyiq və təhdid edirlər. Qərbdən ədalət gözlədiyimiz halda, bütün məsələlərdə geniş miqyasda ədalətsizlik gördüyümüz üçün onlara olan inamımız da xeyli dərəcədə zədələndi, sarsıldı. Bu, təəssüf doğursa da, belədir və burada Azərbaycan cəmiyyətinin zərrə qədər də günahı yoxdur. Azərbaycan öz yolu ilə getməlidir. Ölkəmiz bəşəri dəyərlərə söykənən insan haqlarına, mətbuat azadlığına ciddi önəm verərək yaratmış olduğumuz dövlətimizi daha da möhkəmləndirməklə, milli-mənəvi dəyərləri itirməmək şərtilə, dünyanın üstün idarəçilik sisteminin bütün keyfiyyətlərini özündə cəmləşdirir və dünyanın üstün cəhətlərini cəmiyyətimizə tətbiq etməkdə davam etməliyik. Avropanın kənarında Sinqapur, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə məgər inkişaf, sivil, hüquqi, dünyəvi dövlət dəyərləri yoxdur? Bütün bunların hamısı onlarda da var. Ancaq baxın, Yaponiya, Sinqapur, Cənubi Koreyadan dünyanın heç bir yerinə təzyiq yoxdur. Lakin bu ölkə cəmiyyətləri yüksək səviyyədə Avropanın mənimsəyərək daha çox inhisarına aldığı demokratiya, insan haqlarına, söz, mətbuat azadlığına böyük dəyər verir və ona söykənməklə öz cəmiyyətlərini idadə edirlər. Bunlar Avropaya aid deyil. Onlar bu kimi üstün dəyərləri Avropanın təsiri ilə həyata keçirmirlər ki? Ona görə öz yolumuzla getməli, dünyanın bu günə qədər verdiyi üstün təcrübədən istifadə etməklə, onu mənimsəməli, cəmiyyəti daha da möhkəmləndirməli, Ulu Öndərin müəyyən etdiyi yolla inkişaf edərək, Azərbaycanı daha böyük zirvələrə çatdırmalıyıq. Necə ki, hazırda bunu ölkə Prezidenti İlham Əliyev böyük müvvəfəqiyətlə həyata keçirir".