Oqtay Əsədov dünya spikerlərinin bəyannaməsinə etiraz etdi

3 Sentyabr 2015 19:38 (UTC+04:00)

Spiker BMT qərargahında çıxış edib.

Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov BMT-nin qərargahında Parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında çıxış edib.

Movqe.az Milli Məclisin məlumatına istinadla xəbər verir ki, spiker çıxışında konfransın bəyannamə layihəsinə münasibətini bildirib.

O təəssüflə qeyd edib ki, təcavüzkar etnik separatizm problemi bəyannaməyə daxil edilməyib.

Spiker deyib ki, təcavüzkar etnik separatizm təkcə ayrı-ayrı regionlar üçün deyil, bütün planetdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir.

Milli Məclisin spikeri deyib ki, Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişə nəticəsində Azərbaycan təcavüzkar separatizmin qurbanı olub.

Oqtay Əsədov dünya birliyinə müraciətlə təcavüzkarlar tərəfindən beynəlxalq hüququn pozulması faktlarının pislənməsində həmrəy olmağa və bu istiqamətdə qəti addımlar atmağa çağırıb.