Şəkidə evlərdə 1-2 sm ölçüdə çatlar yaranıb

4 Sentyabr 2015 13:02 (UTC+04:00)

Bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Şəkidə bəzi yaşayış evlərində çatlar əmələ gəlib, əhali hazırda təşviş içindədir. Movqe.az-a Şəki şəhər sakinlərinin verdiyi məlumata görə, zəlzələdən sonra hündürmərtəbəli binalarda və qəzalı vəziyyətdə olan evlərdə yaşayan sakinlər yaxınlarının mənzillərində məskunlaşıb. Şəki rayon sakini Adilə Abdullayeva Movqe.az-a açıqlamasında bildirib ki, onun yaşadığı evdə də zəlzələdən sonra çat yaranıb: "Zəlzələ baş verəndə mətbəxdə idim. Güclü səs eşitdim. Sonra gördüm evdə əşyalar tərpənir. Əvvəl nə baş verdiyini anlamadım. Növbəti təkandan sonra, ciddi titrəyiş oldu. Evdən bayıra qaçanda gördüm ki, qonşular hamısı çöldədir. Sonra baxıb gördüm ki, evin bir küncündən nazik çat yaranıb".

Yevlax rayonunda isə zəlzələ elə də ciddi hiss olunmayıb. Yevlax rayon sakini Gülnar Səfərova Movqe.az-a açıqlamasında bildirib ki, zəlzələ zamanı səs eşitsələr də, evdə titrəyiş olsa da, o zəlzələni hiss etməyib: "Sonra eşitdik ki, zəlzələ olub. Evimizə heç bir zərər dəyməyib. Amma bununla belə təşviş içində olanlar var".