Azərbaycan XİN: Avropa Gənclər Parlamenti üzvlərinin Dağlıq Qarabağa səfəri barədə məlumatlar Ermənistanın yalanıdır

4 Sentyabr 2015 14:10 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Gənclər Parlamentinin 60 üzvünün avqustun sonunda işğal olunmuş ərazilərə səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Movqe.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-nın sorğusuna cavabında bu xəbərləri Ermənistan tərəfinin növbəti yalanı adlandırıb: "Məsələ ilə əlaqədar Avropa Gənclər Parlamentinin icraçı direktoru Krista Simberq və İdarə Heyətinin sədri Yari Marjelund tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Almaniyadakı səfirliyimizə ünvanlanmış məktubda 2015-ci ilin avqustunda işğal olunmuş ərazilərə təşkil olunan səfərin Avropa Gənclər Parlamentinin təşəbbüsü olmadığı vurğulanıb. Məktubda qeyd olunub ki, bu səfərlə əlaqədar Avropa Gənclər Parlamentinin adından istifadə edilməsi düzgün deyil. Onlar qurumun adının bu səfərlə əlaqələndirilməsindən təəssüf hissi ifadə ediblər. Məktubda verilən məlumata görə, Avropa Gənclər Parlamentinin Ermənistan bölməsi əmin edib ki, gələcəkdə kənar qüvvələrin Avropa Gənclər Parlamentinin adından sui-istifadə etməsinə imkan verilməyəcək. 60 nəfərin səfərdə iştirakına gəldikdə isə, onların əksəriyyəti Ermənistan vətəndaşları olublar. Əcnəbi kimi təqdim olunan bir neçə şəxs də erməni diasporunun nümayəndələri imiş. Bu kimi cılız və gülünc addımlarla özünü və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan tərəfi işğalçılıq siyasətindən əl çəkməli və münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır".