"Snam S.p.A." şirkəti bu ilin sonuna qədər TAP-da iştirak payının alınması ilə bağlı qərar verəcək

4 Sentyabr 2015 17:50 (UTC+04:00)

Bu ilin sonuna qədər İtayanın "Snam S.p.A." təbii qaz nəqli ilə məşğul olan şirkəti Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak payının alınması ilə bağlı qərar verəcək.

Movqe.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Snam S.p.A." şirkətinin icraçı direktoru Karlo Malakarne bildirib.

K.Malakarne hesab edir ki, bu ilin sonuna qədər bu barədə daha çox məlumatları olacaq.

O, həmçinin İtaliyanın illik qaz tələbatının bu il 5% artaraq 70-71 mlrd. kubmetrə çatdığını bildirib.

Xatırladaq ki, bir müddət öncə K. Malakarne "Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb. Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) bəzi səhmdarları öz səhmlərini İtaliyanın "Snam S.p.A." Qrupuna satmaqda maraqlı olduğunu açıqlayıb. TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollardır və bu qiymət hazırkı bazar qiymətinə tam uyğundur.

Qeyd edək ki, İtaliyaya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, Azərbaycan tərəfi "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir. TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur. Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil" - 20%, "Fluxys" - 19%, "Enagas" - 16% və "EGL-Axpo" - 5%.