Azərbaycana gələn əcnəbilərin sayı artacaq

5 Sentyabr 2015 07:00 (UTC+04:00)

Azərbaycana gələn turistlərin viza almaq hüququ ilə bağlı yeni qaydalar təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.

Qeyd edək ki, 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq olunur. Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq, əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verib. Onu da qeyd edək ki, elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Prezidentin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir. Görəsən, atılan bu addım ölkəmizdə turizmin inkişafına nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov birmənalı şəkildə əmindir ki, viza prosedurunun sadələşdirilməsi ölkəmizə turist axınının artmasına gətirib çıxaracaq: "Turizmin inkişaf etdirilməsinin ən vacib məqamlarından biri məhz viza prosedurasının sadələşdirilməsidir. Viza prosedurunun sadələşdirilməsi birmənalı şəkildə imkan verir ki, daha çox turisti ölkəyə cəlb etmək mümkün olsun. Elektron turizmin tətbiq edilməsi sözsüz ki, turistlərin daha qısa müddətdə elektron viza xidmətindən istifadə etməklə viza almalarına imkan yaradacaq.

Əslində, hələ 2010-ci ildə vizanın sadələşdirilməsilə bağlı apardığımız tədqiqat əsasında hökumətə elektron viza sisteminin tətbiq olunmasını təklif etmişdik. Onun tətbiqi təbii ki, turizmin inkişafı baxımından olduqca vacibdir. Artıq əksər səfirliklərdə elektron vizaya müraciət rejimləri fəaliyyət göstərir. Turizm şirkəti vasitəsilə beləcə elektron olaraq vizaya müraciət etmək mümkündür. Azərbaycan vizasını almaq istəyən şəxsin artıq bunun üçün səfirliyə gəlməsinə ehtiyac yoxdur. O səfirliyə gəlmədən də Azərbaycan vizasını ala bilər. Bu da artıq çox az zaman sərf etməklə, az vəsait xərcləməklə Azərbaycan vizasını almağa imkan verir. İndiki mərhələdə bütün səfirliklərdə elektron viza sisteminin quraşdırılmasının başa çatdırılması prosesi gedir. Güman olunur ki, proses yaxın zamanlarda başa çatdırılacaq. Eyni zamanda, turistlərin ölkədə qalması ilə bağlı qeydiyyat müddəti də uzadılıb. Əvvəllər turistlər 3 gün ərzində Azərbaycanda qeydiyyatdan keçməli idilərsə, artıq ölkədə 10 gün qaldıqları müddətdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bu müddət ərzində ölkədə qalıb, qeydiyyatdan keçmədən ölkəni tərk edə bilərlər. Bütün bunlar ölkəyə turist axınının güclənməsinə gətirib çıxaracaq. Ona görə də son dəyişikliklər birmənalı şəkildə turizm sektoruna müsbət təsir edəcək və imkan verəcək ki, turistlər daha asan proseduralardan keçməklə viza alaraq, ölkəmizə səfər etsin".

Turizm üzrə ekspert Elxan Vəliyev elektron viza sisteminin tətbiqinin turistlərin sayının artacağına təsir etdiyini desə də, bunun üçün başqa vacib addımların da atılmalı olduğunu söylədi: "İstənilən ölkəyə gedərkən birinci növbədə gündəmdə olan məsələ viza məsələsi olur. Yəni, turistləri vizanın necə alınacağı da maraqlandırır. Bu baxımdan onlar adətən, viza sisteminin sadələşdirildiyi ölkələrə turistik səfərlərə çıxmağa daha çox önəm verirlər. Amma elektron viza sisteminin tətbiqi hələ həmin ölkəyə gedənlərin sayının daha da artacağı mənasına gəlməməlidir. Təbii ki, viza sisteminin sadələşdirilməsi bu prosesin inkişafına təkan verən vasitələrdən biridir. Amma daha çox turist cəlb etmək üçün başqa addımlar da atılmalıdır. Turist şirkətləri və otellər komanda şəklində işləmək bacarığına sahib olmalıdırlar. Amma təəssüf ki, otellərdə ölkəmizə gələn xarici vətəndaşların müxtəlif görməli yerlərlə bağlı düzgün məlumatlandırılması, onların yönəldilməsi istiqamətində addımlar demək olar ki, atılmır. Düzdür, bu istiqamətdə hazırda işlər gedir və yəqin ki, yaxın zamanlarda məsələ həllini tapacaq".