Miqrant böhranının həllində Avropa üçün çıxış yolu Azərbaycan təcrübəsidir

5 Sentyabr 2015 08:00 (UTC+04:00)

Miqrantlarla bağlı Avropada yaşanan son durum hazırda dünya miqyasında xüsusi diqqət mərkəzində olan əsas olaylardan birinə çevrilib. Belə görünür ki, Avropaya üz tutan miqrantalır burada heç də xoş günlər gözləmir. Avropa dövlətlərinin biri-birinin ardınca müxtəlif ölkələrdən gələn insanlara qarşı sərt mövqe sərgiləməsi burada artıq humanitar deqradasiyanın başlanğıcı kimi də dəyərləndirilir.

Məhz belə bir vaxtda Almaniyada qaçqınlar üçün mərkəzlərin birində güclü yanğın baş verib, Heppenhaym şəhərində yerləşən bina alışıb. Polis 60-dan çox adamı təxliyyə edib, onların arasında 10 nəfərdən çoxu xəsarət alıb. Məlumatda xəsarət alanlardan birinin xəstəxanaya, yanan binadan çıxmağa çalışarkən aldığı ciddi yaralarla çatdırıldığı bildirilir. Bundan əvvəl də Almaniyada qaçqınların olduğu daha bir binaya od vurulmuşdu. Avqustun 26-da Almaniyada Leypsiq yaxınlığında qaçqınlar üçün hazırlanmış düşərgə yandırılıb. Nauen şəhərində qaçqınların yerləşdiriləcəyi idman zalı oda verilib. Drezden yaxınlığındakı Haydenauda yerli əhali qaçqın düşərgəsini mühasirəyə alaraq binaya "Molotov kokteylləri" atıb.

Rəsmi London da Avropa İttifaqının mühacir və qaçqınlarla bağlı fəaliyyətinə müharibə elan edib. Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin başçısı Tereza Mey Avropa İttifaqına qanunsuz yolla keçən hər kəsin İttifaq ərazisindən çıxarılmasında israrlı olduqlarını bildirib. Bundan əvvəl isə Slovakiya bildirib ki, Avropa İttifaqının miqrantların məskunlaşması sxemini qəbul edərkən Suriyadan yalnız xristian qaçqınları qəbul etməyə razılıq verəcək. Ölkə Daxili İşlər Nazirliyinin sözçüsü İvan Metik deyib ki, müsəlman qaçqınlar Slovakiyada özlərini evdəki kimi hiss edə bilməyəcəklər. Macarıstanın xarici işlər naziri Peter Siyarto qeyd edib ki, Budapeşt bu ölkəyə gələn bütün miqrantları, hətta onlar Avropa İttifaqının sərhədini birinci olaraq Macarıstanda keçmədikləri halda da qeydiyyata alacaq: "Biz Macarıstanda onlara sığınacaq verilməsi barədə xahiş edənlərin hər birini qeydiyyata alacaq və onların xahişlərinə baxacağıq. Əgər qərar müsbət olsa, qaçqınlar burada qala bilər". Lakin Macarıstan "iqtisadi miqrantlara" sığınacaq verməyəcək. Nazir bu xüsusda deyib: "Biz belə bir yükü daşıya bilmərik, buna görə də onlar haradan gəliblərsə, oraya da qaytarılacaqlar".

BMT-nin qaçqınların işi üzrə komissarı Antoniu Quterreş isə bildirir ki, Avropa indi mühacir axını deyil, qaçqın böhranı ilə üzləşib: "Bu, miqrantlarla bağlı deyil, qaçqın böhranıdır.Yunanıstana sığınanların çoxu Suriya, İraq və ya Əfqanıstan kimi münaqişə zonalarından gələnlərdir. Onlar həyatlarını qurtarmaq üçün oralardan qaçıblar. Avropa qaçqınlarla bağlı problemi həll edə bilmədi və cəhdləri uğursuzluğa uğradı. Böhran insanların əzab-əziyyəti ilə nəticələnib. 2 600-dən çox insan Avropaya sığınmaq üçün gələrkən Aralıq dənizində ölüb".Antoniu Quterreş beynəlxalq hüquqa uyğun olaraq, qaçqınlara münasibətdə bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb: "Statusundan asılı olmayaraq, onların hüququ qorunmalı, ləyaqətlərinə hörmət edilməlidir".

Bu xüsusda ekspertlər Azərbaycan təcrübəsinin Avropa üçün yarralı olacağını bildirir. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq bununla bağlı deyir ki, Azərbaycanda miqrasiya sahəsində yüksək səviyyədə fəaliyyət həyata keçirilir: "Azərbaycanın miqrasiya idarəetməsi sahəsində təcrübəsi Avropanın digər dövlətləri üçün nümunədir. Sabitlik və sülhün qorunmasına görə Azərbaycan bütün Avrasiyada nümunəvi ölkədir. Dövlətinizin başçısının dəstəyi olmadan bu sahədə uğur qazanmaq mümkün olmazdı". Azərbaycanda uğurlu miqrasiya idarəetməsini, zəngin multikulturalizm və tolerantlıq ənənələrini yüksək qiymətləndirən Uilyam Leysi Sinq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində sosial-iqtisadi sahədə əldə olunan uğurları məmnunluqla qeyd edib.

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqranların saxlanılması mərkəzlərində olduğunu və oradakı əcnəbi vətəndaşlarla görüşdüyünü vurğulayan Uilyam Leysi Sinq deyib: "Saxlama mərkəzlərində hər cür şərait yaradılıb. Bir çox ölkədə miqrantların saxlanılması mərkəzlərində olmuşam. Lakin deməliyəm ki, bu, mövcud olan ən yaxşı saxlanılma mərkəzlərindən biridir. Orada saxlanılan şəxslərin bütün ehtiyacları təmin edilib. Mən belə yüksək şəraiti olan saxlanılma mərkəzlərinə görə Azərbaycan hökumətinə, Dövlət Miqrasiya Xidmətinə minnətdarlığımı bildirirəm. Avropanın digər ölkələrində miqrantların saxlanılma mərkəzləri ilə müqayisə edərək məsləhət görərdim ki, bu məsələdə Bakını nümunə götürsünlər. Gələcəkdə baş verə biləcək miqrasiya probleminə Azərbaycanın hazırlıq səviyyəsi çox yüksəkdir".