Anti-Azərbaycan qüvvələrinin daha bir fiaskosu

5 Sentyabr 2015 10:00 (UTC+04:00)

Azərbaycanda noyabrda Milli Məclisə keçiriləcək seçkilər beynəlxalq aləmin də diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar seçkiləri izləmək üçün müşahidəçi göndərəcəklərini bəyan edirlər. Artıq Avropa Parlamenti, ATƏT, Avropa Şurası belə bir istəyini ifadə edib.

Buna qədər isə xaricdəki bəzi dairələr ölkəmizdə keçiriləcək seçkiləri müşahidə etməyə xaricdən müşahidəçi gəlməməsinə çalışırdılar. Bununla da həmin dairələr seçkiləər kölgə salmağa çalışırdılar. Amma son günlər bir-birinin ardınca beynəlxalq təşkilatlar Azərbaycana seçkiləri müşahidə etmək üçün missiya göbdərəcəklərini bəyan etməyə başlayıblar. Hətta bir sıra qurumlar göndərəcəkləri müşahidə missiyasının say tərkibi barədə də məlumat veriblər. Bu isə o deməkdir ki, anti-Azərbaycan qüvvələrinin daha bir cəhdi fiaskoya uğrayır.

Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, Azərbaycan öz doğru yolu ilə getdiyindən anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı yönəlik bütün addımları da iflasa uğrayır: "Bir müddət əvvələ qədər daxildəki müxalif qüvvələr, eyni zamanda xaricdən ölkəmizi sevməyən qüvvələr geniş təbliğatları ilə müəyyən qədər cəmiyyəti inandırmışdılar ki, Azərbaycanda keçirilən seçkilərə beynəlxalq qurumlar müşahidəçi göndərməyəcək, onlar prosesi izləməyi boykot ediblər. İki ay bundan öncəyə kimi müxalif mətbu orqanlarda, saytlarda demək olar Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in, ayrı-ayrı dövlətlərin Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etdikləri az qala hər gün təkrar olunurdu. Avropa Şurası, ATƏT-də olan müəyyən dinləmələr də belə düşüncənin formalaşmasına rəvac vermişdi. Ancaq birdən-birə, ATƏT, Avropa Şurası özü də böyük heyətlə, az qala seçki dairələrin sayından 3 dəfə artıq nümayəndələrlə seçkiləri müşahidə missiyasını həyata keçirmək üçün Azərbaycana gələcəklərini bəyan etdilər. Bunun da nəticəsində artıq seçkiləri xaricilərin iştirakı ilə müşahidənin boykot ediləcəyilə bağlı çağırışlar da kəsildi. Belədə, yaranmış vəziyyət onu göstərdi ki, beynəlxalq qurumların ölkəmizdə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etdikləri barədə səslənən fikirlər həqiqəti əks etdirmir, dezinformasiyadır. Beləliklə, onların arzuları, istəkləri, seçkiləri, formalaşacaq yeni parlamentin legitimliyini şübhə altına almaq və bununla da Azərbaycan dövlətçiliyinə zərbə vurmaq niyyətləri baş tutmadı və tutmayacaq.

İndi isə bu fikirləri yayan xarici dairələr və daxildəki radikal müxalifət seçkilərin nəticələri haqqında hesabatları gözləyir ki, burada mənfi çalarlar olsun və formalaşacaq parlamentə mənfi formada qiymət verilsin. Yəni, bu dairələr indi də plastinkanın o biri üzünü qoyub, bu hava alınmadığından, o biri havanı çalmağa çalışırlar. Amma hesab edirəm ki, seçkilər tam qanuna müvafiq keçiriləcək və legitimlik də tanınacaq. Anti-Azərbaycan qüvvələri bu günə qədər çoxsaylı vədlər, sözlər veriblər. Amma hər dəfə də onların ölkəmiz barədə söylədikləri fikirlər öz əksini tapmayaraq, bu qüvvələrin iflasa uğramasına gətirib çıxarıb. Əlbəttə ki, ortaya atılan fikirlərin, informasiyaların, reallıqda öz əksini tapmaması, sonda onu yayanların iflasına səbəb olur. Cəmiyyət də yayılan yalan informasiyaları gördükcə, onları gündəmə gətirənlərdən getdikcə daha çox dərəcədə uzaqlaşır. Bunun nəticəsidir ki, artıq daha az miqdarda seçicilər anti-Azərbaycan qüvvələrinin yaydığı məlumatlara etibar edir, onu dinləyir. Nəticədə cəmiyyətin özündə radikalların boykot qərarına diqqətlər də kəskin azalıb".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, hər zaman Azərbaycanı sevməyən qüvvələrin çirkin niyyətləri beləcə iflasa uğrayacaq: "Azərbaycan ATƏT-in Parlament Assambleyası və AŞ PA-nın üzvüdür. Bu istiqamətdə də Avropa strukturları ilə ciddi əməkdaşlıq edirik. Ölkəmiz nəinki Avropada, həm də dünyada ciddi dövlət imicinə malikdir. Bunun bariz nümanəsi olaraq, Azərbaycan iki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq fəaliyyət göstərdi. Belə bir möhtəşəm quruma seçilmək heç də hər dövlətə nəsib olmur. Elə dövlətlər var, uzun illərdir müstəqildir, amma BMT TŞ-nın qeyri-daimi üzvü ola bilməyiblər. Azərbaycan isə 20 ildən bir qədər artıqdır müstəqildir, amma bu qısa müddətdə gəlib dünyada yüksək səviyyəyə çatıb. Bu da ölkəmizin dünyada ciddi qəbul olunduğunun bariz nümunəsidir. Belə vəziyyət isə təbii ki, çoxlarının ürəyincə deyil. Azərbaycanda son illər böyük və kütləvi xarakter daşıyan idman, mədəniyyət tədbirləri keçirilib. Bütün bunlar da Azərbaycanın dünyada ciddi dövlət imicinə malik ölkə olduğunu bir daha təsdiqləyir. Beynəlxalq təşkilatlar demokratik dövlətlərdə keçirilən seçkiləri həmişə müşahidə edirlər. Bu baxımdan demokratik ölkə olaraq Azərbaycana da həmişə ciddi maraq olub. Ona görə növbəti dəfə beynəlxalq təşkilatlar ölkəmizdə baş tutacaq seçkiləri müşahidə etmək qərarına gəlib. Təbii, bir sıra dövlətlərdəki bəzi siyasi dairələr, ölkəmizə qarşı qərəz sərgiləyən beynəlxalq təşkilatlar çalışırdı ki, bu müşahidəçilər gəlməsin və belədə Azərbaycan təcrid olunsun. Lakin gördüyümüz kimi onlar bu çirkin niyyətlərinə nail ola bilmədi və ola da bilməyəcəklər. Çünki, Azərbaycanda hər bir sahədə ciddi inkişaf mövcuddur. İnsan haqları, demokratiya məsələlərində də ölkəmiz bu illər ərzində irəliyə böyük addımlar atıb. Artıq Azərbaycan bu kimi məsələlərdə də Avropanın inkişaf etmiş ölkələrindən belə geri qalmır. O qüvvələr ki, ölkəmizə qarşı qərəzli mövqedədir, onların arzuları həmişə beləcə ürəklərində qalacaq".