Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, NATO-ya Avroatlantik Alyansın nizamnaməsinin 5-ci maddəsini xatırladaraq, Suriyanın Türkiyə sərhədində atəş açması hadisəsinə reaksiya göstərməsini tələb etmişdi. Ərdoğanın bu istəyinə NATO-nuncavabı gecikməyib. NATO nümayəndəsi Karmen Romero bu hadisə ilə bağlı çox narahat olduqlarını bildirib. Suriya böhranını yaxından izlədiklərini vurğulayan K.Romero deyib: "NATO müttəfiqlərini qorumaq vəzifəmiz bizim üçün çox əhəmiyyətlidir. Bütün dünya bu dözülməz qarşıdurmanın sona çatmasını istəyir".
Rəcəb Tayyib Ərdoğan Çin səfəri zamanı verdiyi açıqlamada NATO-nunhər hansı bir üzvünə edilən hücumun bütün üzv ölkələrə edilmiş hücum olaraq dəyərləndirən 5-ci maddəni xatırladaraq, Alyansın Türkiyə sərhədinin qorunmasına dair öhdəliyi olduğunu da bildirib.
Türkiyənin sərhəddini qorumaq və qırğınlardan qaçan insanlara kömək etmək üçün hər bir hazırlığı görməyə haqqı var. Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BBC-nin Türkiyə müxbiri Jonatan Hedin suallarını cavablandırarkən deyib. O bildirib ki, BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan fevralın 23-də vəzifəsinə başladığında Türkiyədə təqribən 9 min Suriyalı qaçqın var idi, indi isə onların sayı 25 minə çatıb. Suriya rejiminin, Annan planını qəbul etdiklərini bəyan etdikləri gündən sonra təxminən 8 min yeni qaçqının Türkiyəyə gəlib. Türkiyə-Suriya sərhəddində baş verən hadisəni ölkə ərazisinin pozulması mənasını daşıdığını söyləyən Ə.Davudoğlu deyib: "Bu hadisə insanlıq dramının Türkiyə üçün milli təhlükəsizlik riskinə çevrilə biləcəyini göstərir. Əgər Annan planı müvəffəqiyyətli olsa, çox xoşbəxt olacağıq. Amma əgər bütün bunlar müvəffəqiyyətsizliklə nəticələnsə, regional təşəbbüs və ya beynəlxalq cəmiyyət cavab verməkdə müvəffəqiyyətsiz olsa və bizim üçün milli təhlükəsizlik riski yaransa, onda Türkiyənin sərhəddi qorumaq və qırğınlardan qaçan insanlara kömək etmək üçün hər bir hazırlığı görməyə haqqı var".
"Türkiyə, Suriyadakı vətəndaşları qorumaq üçün silahlı qüvvələrini hazırlayırmı?" sualına cavab verən XİN rəhbəri bildirib ki, bu mövzuda yalnız Türkiyə deyil, beynəlxalq cəmiyyət də məsuliyyət daşıyır. Suriyadakı hadisələrə BMT Təhlükəsizlik Şurasının reaksiya göstərməsinin vacibliyini vurğulayan Ə.Davudoğlu deyib: "Əgər milli təhlükəsizliyimizi qorumaq ya da Suriya xalqına kömək etmək lazım olsa, Türkiyə olaraq biz lazım olanı edəcəyik. Türk ordusu nə zaman və harada olmasından asılı olmayaraq hər cür çətinliyə hazırdır. Amma məsələn sərhədlərdən uzaqda yerləşən Humus kimi şəhərlərdə yaşayan insanların qorunması üçün beynəlxalq ictimaiyyət nə edəcək?! Buna görə də BMT Təhlükəsizlik Şurasının Suriya rejiminə sərt mesaj göndərməyinin vaxtı çatıb".