Dünya çempionatında mübarizə davam edir

5 Sentyabr 2015 17:30 (UTC+04:00)

Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında ikinci turun oyunlarına yekun vurulub.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ölkəmizi bu çempionatda Nicat Abasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova və Aytən Əmrayeva təmsil edirlər. Ümumilikdə turnirdə Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, Fransa, Gürcüstan, Hindistan, Çin, Rumıniya, Ukrayna, Niderland, Braziliya, Polşa, İngiltərə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Serbiya, İtaliya, Ermənistan, Belçika, İsveçrə, Avstriya və Almaniyadan 110 şahmatçı (62 oğlan və 48 qız) çempion adı uğrunda qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə 13 turdan ibarət keçirilir. Oğlanların yarışında ikinci turda Nicat Abasov Qazaxıstan şahmatçısı Janat Sayınla sülh bağlayıb. Misrəddin İsgəndərov Fransa təmsilçisi Rafael Dyutrel, Ülvi Bacarani isə serbiyalı Miloje Ratkoviç üzərində qələbə qazanıb. Qızların mübarizəsində isə Səbinə İbrahimova Vyetnam təmsilçisi Nquyen Thi Thuy Trieni məğlub edib. Ülviyyə Fətəliyeva rumıniyalı İoana Geliplə xalları yarı bölüb. Günay Məmmədzadə və Aytən Əmrayeva isə bu turda məğlub olublar. İki turdan sonra Nicat Abasov və Ülvi Bacarani 1,5, Misrəddin İsgəndərov, Günay Məmmədzadə, Səbinə İbrahimova 1, Ülviyyə Fətəliyeva isə 0,5 xal qazanıblar.