Azərbaycandan Həcc ziyarəti üçün viza verilməsi başa çatır

5 Sentyabr 2015 21:00 (UTC+04:00)

Bununla bağlı səfirlikdən xəbərdarlıq edilib. Viza verilməsinin dayandırılması vaxtın bitməsi ilə əlaqədardır.

 

Səfərə gedəcək azərbaycanlı zəvvarlar isə artıq qruplara bölünüb. 

 

Qafqaz Müsəlmanları İdarəsindən Movqe.az-a verilən məlumata görə, buna baxmayaraq, sənəd qəbulu VİP ziyarət növü üçün davam edir.

 

Nisbətən ucuz ziyarət növü üzrə yerlər dolsa da, VİP yerlər üçün hələ də 30-a qədər yer boş qalıb.

 

Qeyd edək ki, gələn həftədən - sentyabrın 11-dən Həcc ziyarəti başlayır. Bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb. Sənəd qəbulu martın 11-də başlayıb. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı yerlərin dolmaması səbəbindən indiyə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu).

 

Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və  4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır.

 

Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.