Rusiyanın Qəbələ RLS-lə bağlı yeni planı üzə çıxdı
5 Oktyabr 2012 18:44 (UTC+04:00)
Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsinin
davam etdirilməsi prosesi ilə bağlı Rusiyanın bəzi təklifləri ilə
razılaşmır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Rəsmi Bakının razılaşmadığı əsas təklif Rusiyanın obyektin
statusunun dəyişdirilməsi və Qəbələ RLS-i hərbi bazaya çevirmək
istəyidir. Belə olan təqdirdə obyekt analitik-informasiya mərkəzi
statusunu itirmiş olacaq.
Qeyd edək ki, Azərbaycanın mövcud qanunvericiliyi ölkə ərazisində
digər dövlətə məxsus hərbi bazanın yerləşməsini qadağan edir. Eyni
zamanda ölkə ərazisində hansısa dövlətə məxsus hərbi bazanın
yerləşməsi Azərbaycanın marağına uyğun deyil.
"Azərbaycan tərəfi Qəbələ RLS-in mövcud statusu saxlanılmaqla,
eləcə də qiymətlər mövcud reallığa uyğunlaşdırılmaqla icarə
müddətinin artırılmasını istəyir", - deyə məlumatda bildirilib.
Mənbə Rusiyanın imtina edəcəyi halda stansiyadan digər ölkələrin
istifadə etmək niyyətində olmaları barədə yayılan məlumatları isə
doğru saymayıb: "Rusiyanın bu stansiyadan yaxın dövrdə əl çəkəcəyi
real görünmür. Hal-hazırda ruslar stansiyada mövcud sistemlərin və
obyektlərin yenidən qurulmasını həyata keçirirlər. Qəbələ RLS
Rusiyanın raketdən müdafiə sisteminin mərkəzində dayanır və əsas
elementlərindən birini təşkil edir".
Məlumatda o da qeyd olunub ki, yaxın vaxtlarda tərəflər arasında
Qəbələ RLS-in icarəsi ilə bağlı məsələlərin müzakirəsinə dair
ekspertlər və yüksək səviyyəli heyətlər arasında görüşlərin
keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Qəbələ RLS 1984-cü ildə SSRİ-nin raket əleyhinə
müdafiə sistemi kimi inşa edilib. RLS-in imkanları Hind okeanı
körfəzində ballistik raketlərin buraxılışını izləməyə şərait
yaradır. Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinə dair 10 illik
saziş 2002-ci ildə imzalanıb. Sazişin İndiyədək Rusiya RLS-in
icarəsinə görə ildə 7 mln. dollar ödəyib. Azərbaycan RLS üçün
Rusiyadan 300 milyon dollar istəyir.