"Hərbi Hava Qüvvələrimiz qarşısındakı hədəfi ləğv etməyə qadirdir" (VİDEO)(EKSKLÜZİV)

7 Sentyabr 2015 10:33 (UTC+04:00)

Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirov Ermənistan Hərbi Hava Qüvvələrinin son itkiləri və gücü, həmçinin Hərbi Hava Qüvvələrimizin potensialı barədə ANS-ə eksklüziv açıqlamalar verdi.

Movqe.az ANS PRESS-ə istinadən həmin müsahibəni oxucularına təqdim edir. 


- Cənab general, Azərbaycanın Hərbi Hava Qüvvələrinin bugünkü vəziyyətini qısaca olaraq necə səciyyələndirmək olar? Biz qarşımızdakı hədəfi, düşməni vaxtında, keyfiyyətlə, bir dəfəlik ləğv etmək iqtidarındayıqmı?


- Bəli, birmənalı olaraq. Hal-hazırda Azərbaycanın Hərbi Hava Qüvvələrində gedən proseslərə əsaslanaraq demək olar ki, yüksək nəticələr əldə etmişik. Məsələn, idarəetmə sahəsində müasir tələblərə cavab verən Moderasiya Mərkəzi yaradılıb. Eləcə də avtomatlaşdırılmış idarəetmə sistemləri fəaliyyət göstərir. Həmçinin hərbi hissələrdə mövcud olan hərbi texnikalar - helikopter, təyyarə və radiotexniki kəşfiyyat vasitələri daxili modernizasiya işləri aparılır. Müasir tələblərə cavab verən radiolokasiya stansiyaları qurularaq Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilir.


- Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş qabiliyyəti hansı səviyyədədir? 


- Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş qabiliyyəti yüksək səviyyədədir. Artıq ikinci ildir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Və bu təlimlər zamanı Türkiyə mütəxəssisləri tərəfindən qardaş ölkəsinə verilən qiymət bizim üçün önəm daşıyır. Belə ki, Türkiyədə keçirilən "TurAz-2015" hərbi təlimlər vaxtı Azərbaycan Respublikasının pilotu polkovnik-leytenant Xəlil Yusubov "MiQ-29" təyyarəsinin taktiki-texniki xüsusiyyətlərindən tam istifadə etməklə yüksək peşəkarlıq göstərərək şərti hava döyüşündə "F-16" təyyarəsi üzərində üstünlüyə nail olub. Eyni zamanda Azərbaycan daxil NATO təmsilçilərinin iştirakı ilə Türkiyədə beynəlxalq "İşıq-2015" hərbi təlimləri keçirilib. Bu təlimlərdə Azərbaycana məxsus "Mİ-17" helikopterin şəxsi heyəti də iştirak edib. Təlim zamanı "Mİ-17" helikopterin şəxsi heyəti praktiki xilasetmə əməliyyatı yüksək səviyyədə icra etmişdir. Belə ki, çox çətin hava şəraitində bir hərbçi suda qalmışdı. Digər ölkələrin xilasetmə heyətləri tərəddüd edəndə Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyəti tapşırıq alandan dərhal sonra suda qalan hərbçini xilas etdilər. Bu, kənardan Azərbaycanın Hərbi Hava Qüvvələrinə verilən qiymətdir.


- Artıq Türkiyə ilə birgə keçirilən hərbi təlimlər demək olar ki, ənənə halını alıb. Yəni Türkiyə ilə Azərbaycan şahinlərinin fəaliyyətində ümumi, yekdil bir fəaliyyət xətti görürəm. Yəqin ki, bunu tək mən görmürəm, Azərbaycanın az-çox bu sahə üzrə məlumatlı olan hər bir insanı bunu görür. Məqsədimiz nədir? "TurAz" layihəsi son nəticə etibarı ilə nəyə hesablanıb? Bəlkə, Azərbaycan və Türkiyə birgə Hərbi Hava Qüvvələri yaratmaq istəyir. Bəlkə də hansısa bir başqa məqsəd var, biz bilmirik?


- Ötən il möhtərəm cənab prezident, Ali Baş Komandanın tapşırığı əsasında Türkiyə Hərbi Hava Qüvvələri ilə bu təlimləri başlatdıq. Məqsəd nədən ibarətdir? İlk olaraq onu deyim ki, bizim pilotlar Türkiyə Ali Hərbi Məktəbində və akademiyada təhsil alır. Ən yüksək səviyyədə təhsil alan pilotlarımız var. Məhz hərbi təlimləri birgə keçirməkdə əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan Respublikasının pilotları Türkiyənin silahlanmasında olan hərbi texnika ilə, yəni təyyarələrlə tanış olsunlar. Təyyarələrin döyüş imkanlarını mənimsəsinlər. Və Türkiyə pilotları ilə birlikdə qarşıya qoyulan müəyyən tapşırıqları yerinə yetirsinlər. Həmçinin Türkiyə pilotları da Azərbaycanın silahlanmasında olan təyyarələrlə tanış olsunlar, birgə uçuşlar etsinlər. Ola bilsin ki, gələcəkdə birgə sülhməramlı əməliyyatlar keçiriləndə bu təlimlər zamanı əldə olunan təcrübənin hərbi əməliyyatları planlaşdırıb onu həyata keçirəndə çox böyük köməyi olacaq.


- Fərqli təyyarə modellərində uçuşlar həyata keçirən pilotların birgə fəaliyyəti nə dərəcədə alınır? Məsələn, "F-16" təyyarəsininin pilotu, "MİQ-29" təyyarəsini idarə edən pilot bir-birlərini necə anlayırlar? Bəlkə, rabitə əlaqəsi zamanı hər hansı bir problem ortaya çıxır. Razılaşaq ki, bu təyyarələrdəki mövcud sistemlər fərqlidir.


- Təlimlər vaxtı bu məsələlər ortaya çıxıb. Yəni Azərbaycanın silahlanmasında olan təyyarələrin rabitə sistemi ilə Türkiyənin silahlanmasında olan təyyarələrin rabitə sistemi arasında fərq var. Məhz bu fərq nəzəra alınaraq Azərbaycanın silahlanmasında olan təyyarələrin idarəetmə və rabitə sistemləri modernizasiya olunaraq Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrin idarəetmə və rabitə vasitələrinın səviyəsinə gətiriləcək. Uçuş zamanı, əlbəttə ki, çətinliklər var, amma bu, o demək deyil ki, təyyarəni idarə etmək və bir-birini anlamaq imkanları yoxdur. "F16" və "MİQ-29" döyüş təyyarələri ilə təlim uçuşlar birgə, yəni cütlük şəklində keçirilir. Eynilə tapşırıqlar da birgə yerinə yetirilir. Həmçinin Azərbaycanın "Su-25", Türkiyənin isə "F-4" təyyərəsi. Əlbəttə ki, məqsəd yaranan bəzi xırda problemləri təlimlər zamanı aradan qaldırmaqdır.


- Azərbaycanın Hərbi Hava Qüvvələri yalnız Türkiyə Hərbi Hava Qüvvələri ilə təlim keçirlər? Yoxsa Rusiya və İranda da var, sadəcə olaraq biz bu təlimlərin şahidi olmuruq?


- Təlimlər zamanı pilotlar arasında dil problemi yarana bilər. Burada fars və ya rus dillərinin bilməsi. Əlbəttə ki, Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdü. Əgər Rusiya Federasiyasında hər hansı geniş miqyaslı hərbi təlimlər keçirilərsə, biz erməni faktorunu nəzərə alaraq biz hələlik bundan çəkinirik. 


- Biz qarşı tərəf barədə nə qədər məlumatlıyıq? Məsələn, müqayisə etmək olarmı ki, bizim nəyimiz var, ermənilərin nəyi? Faktlarla sübut etmək olarmı biz nə dərəcədə onlardan üstünük sirr deyilsə? 


- Biz ermənilərdən tam üstünük. Ermənilərin Dağlıq Qarabağ ərazisində heç bir hərbi hava qüvvələri yoxdur. Ancaq Ermənistanda var. Ermənistanda "Su-25" tipli təyyarələr, "Mi-24" helitopterləri var. Bizdə isə "Mi-35", eyni zamanda "Mi-17", eləcə də "Mi-24"lərə isə modernizasiya edilir. Ermənilərin Dağlıq Qarabağda yerləşdirdikləri hava hücumundan müdafiə sistemlərinin tərkibində "Kruq", "KUP" və "Osa" zenit-raket kompleksləri var. "Kruq" və "KUP" köhnə nəsil zenit-raket kompleksləridir. Sovet dönəmində onların əvəzinə "BUK" müasir zenit-raket komplekslərinin istehsalına başlanılıb. Hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin arsenalında "BUK", ermənilərdə isə "Kruq" və "KUP" var. Hava müdafiəsi zamanı "Kruq" və "KUP" sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır və s. Ermənistanda "S-300" PS və PT zenit-raket kompleksləri var. Bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib. Azərbaycan ordusunda isə "S-300 PMU2" "Favorit" zenit-raket kompleksləri var. 1980-ci illərdə istehsal olunan "S-300" PS və PT zenit-raket kompleksləri hədəfi maksimum məhv etmə məsafəsi 75 km-dir. "S-300 PMU2" "Favorit" zenit-raket komplekslərinin hədəfi məhv etmə məsafəsi 200 km-dir. Sadəcə müqayisədə görə bilərsiniz ki, texnikanın səviyyəsində biz üstünük. Şəxsi heyətin bacarığı isə daha da güclüdür. Bunun sübutu olaraq ötən ilə Azərbaycanın zenit-raket atıcısı düşmənin bir ədəd "Mi 24" döyüş helikopterini Qarabağda məhv edib. Hazırda Azərbaycan ordusunun arsenalında olan "BUK" və "S-125 zenit-raket kompleksləri ilə Ermənistanın pilotsuz uçuş aparatları məhv edilir. Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Halbuki, hər gün Azərbaycanın pilotsuz uçuş aparatları uçuşlar həyata keçirir. Onların bununla bağlı məlumatları var. Əlimizdə onlarla bağlı bütün məlumatlar var. Məlumatlar əsasında lazımi tədbirlər görülür.


- Düşmənə məxsus helikopter məhv ediləndən sonra, onların neçə ədəd döyüş helikopterləri qalıb?


- Vurulmamışdan öncə 12 ədəd "Mi-24" helikopterləri vardı, indi 11-dir.


- Helikopter vurulandan sonra ermənilər həmin ərazidə yenə də uçuş həyata keçirirlər? Yoxsa bu onlara dərs oldu?


- Həmin vaxt, yəni helikopter məhv edilən zaman ərazidə ermənilər təlim keçirdilər. Vurulandan sonra ermənilər bütün helikopterləri meydançada saxlayaraq uçuşları dayandırıblar. Ermənilər uçmağa qorxurdular. Məlum təlimlərdən sonra döyüş təyinatlı helikopterlərin Qarabağ ərazisində uçuşları qeydə alınmayıb. 


- Kənardan elə çıxmasın ki, biz qarşı tərəfin imkanlarını aşağılayırıq. Amma məndə belə bir təsəvvür var ki, Ermənistanın istifadəsində olan pilotsuz uçuş aparatının keyfiyyəti bizə belə demək dəbdədir - "kitayski"dir. Çünki bu yaxınlarda məğrurluqla, qürrə ilə təqdim etdiyimiz – ermənilərin pilotsuz uçuş aparatını vurduq informasiyasının arxasında, mən həmin o kadrları da xatırlayıram. Məhz Moskvada onu istənilən satış mərkəzindən almaq olardı. Və biz də onu vurmuşduq. Mən demirəm ki, biz fəxr etməyək vurduğumuzla, fəxr edək. Amma qarşı tərəf, doğurdanmı, bu qədər kasıbdır, bu qədər yeknəsək imkanlara malikdir bunun başqa şey almağa gücü yoxdur?


- Vurulan pilotsuz uçuş aparatı televiziya vasitəsi ilə nümayiş etdirilib. Siz dediyiniz ki, satışda olan pilotsuz uçuş aparatıdır. Hər bir kəs onu alıb, öz məqsədləri üzrə istifadə edə bilər. Ermənistan, əlbəttə ki, kasıb ölkə olaraq ucuz qiymətə satışda olan pilotsuz uçuş aparatlarını alır. Və təmas xəttində ondan istifadə etməyə çalışır. Amma nəzərə alasaq ki, bu hərbi təyinatlı pilotsuz uçuş aparatı deyil, məhz bu aparatları biz atıcı silahılar vasitəsi ilə çox asanlıqla məhv edirik. Bundan başqa Ermənistan "Kruk- 25" tipli pilotsuz uçuş aparatları istehsal edir. Bu aparat həcmcə böyükdür. Bu aparatlar tam olaraq kəşfiyyat tapşırıqlarını yerinə yetirir. Bu aparatlar da gecə-gündüz kameralarla təhciz olunub. Azərbaycan ordusun silahlanmasında olan "BUK" və "S-125" zenit-raket kompleksləri ilə Ermənistan istehsalı olan "Kruk- 25" tipli pilotsuz uçuş aparatları da məhv edilib. 


- 1992-1993-cü illəri xatırlayıram. Harda ki, bizim bir əlin beş barmağı kifayət edirdi ki, sayaq - pilotlarımızın sayını müəyyənləşdirək. Pilotlardan Muradı, rəhmətlik Vaqifi, Kostyanı və daha bir-iki nəfəri tanıyırdım. İndi pilotlarımızın sayı nə qədərdir? Onların sayı artıbmı?


- Bizdə mühibəni keçən pilotlarımız var. Aviasiya rəisi müharibədə iştirak edib. Aviabaza komandirlərinin çox hissəsi müharibədə iştirak edib. Pilotlarımızın müharibə təcrübəsi var. Əlbəttə ki, yeni nəsil gəlir. Və yeni nəslə döyüş təcrübəsini aşılamaq çox vacib bir məsələdir. Bununla daimi olaraq təcrübəli pilotlar məşğuldurlar. Biz bunu itirmirik, nəsildən-nəslə ötürürük. 


- Pilotlarımızı harada hazırlayırıq?


- Pilotlarımızı həm ölkəmizdə fəaliyyət göstərən Ali Hərbi Məktəbdə, həm də Türkiyə Respublikasında – Pilotların Ali Hərbi Məktəbində, akademiyada isə zabitlər hazırlanır.


- Amma burada xüsusi olaraq Simuliyasiya Mərkəzində faktiki olaraq pilotlar təcrübə keçirdilər.


- Kabinalar siniflərdə qurulur. Pilotun qarşısında proyektlərin köməyi ilə vizualizasiya yerinə yetirilir. Gənc pilotlar bu trinajorlardan istifadə edirlər. Həmçinin də pis hava şəraitində həmin trinajorlar istifadə edilir. Burada birinci məqsəd nədir? Birinci məqsəd gənc pilotun kabinada oturub instruktorla bütün o tapşırıqları – mühərriki işə salmaq, qalxmaq-enmək kimi əsas məsələlər, pilotaj texnikasına uyğun hansısa bir tapşırıqları yerinə yetirməkdir. Gənc pilot bütün bunları yerdə öyrənməlidir. İkinci bir məsələ dayanacaqdan istifadə olunmur. Pilot ona verilən tapşırığı kabinada həyata keçirir. Üçüncü məsələ isə pilotun trinajorda həyata keçirdiyi bütün fəaliyyəti yazılır və təlim rəhbəri onlar birgə uçuşun yekun təhlilini aparır. Ələbəttə ki, gənc pilotlarda nöqsanlar var. Məhz bütün nöqsanlar gənc pilotlara izah edilir və növbəti dəfə trinajorda o eləmentlər təkrarlanır və nöqsanlar aradan qaldırılır. 


- Bizim pilotlar yəqin ki, döyüş növbəsinə çıxırlar? 


- Döyüş növbəsinə pilotlarla yanaşı, Hava Hücumundan Müdafiə Qüvvələri də çıxır. Onlar daimi olaraq hava sərhədlərini qoruyur. Aviabazalarda isə gündəlik döyüş növbətçiliyi aparılır və döyüş təyyarələri əmrlə döyüş növbətçiliyinə daxil olur, heyətlə birlikdə. Heyətlər döyüş təyyarələrinin yanında olurlar. Hansısa bir hadisə baş versə, təyyarələr dərhal havaya qaldırılır. Və hadisənin qarşısı alınır. Həmçinin də Hava Hücumundan Müdafiə Qüvvələri hava sərhədlərini daim radiolokasiya vasitələri ilə izləyir. 


- Hava Hücumundan Müdafiə Qüvvələrindən bəhs etdiniz. Bu arada Ermənistan müdafiə nazirinin verdiyi bəyantlardan birini xatırladım. Doğurdanmı Ermənistan Silahlı Qüvvələri Azərbaycanın nef və ya qaz kəmərini vurmaq iddiasına düşə bilər?


- Bu yalnız siyasi bəyanatdır. Hədə-qorxu gəlməkdir. Amma biz bilirik ki, onlarda hansı vasitələr var. Məsələn, onlarda "Nöqtə-U" və "Elburus" köhnə nəsil taktiki-balistik raketləri var. Hədəfi maksimumu vurma məsafəsi 280 km-dir. Biz onların yerləşdirildiyi yeri bilirik. Manevr edib atəş mövqeyinə çaxarsa, onların harda duracaqları yeri biz biləcəyik. Onu yerindəcə məhv etmək üçün vasitələrimiz var. Əgər onlar buna cürət etsələr, onlardan istifadə etsələr Hava Hücümündan Müdafiə Qüvvələri imkanları o qədərdir ki, həmin raketləri məhv etmək onlar üçün heç bir cətinlik yaratmayacaq. 


- Bizdə belə bir misal var. Salavat qüvvətə bağlıdır. Yaxşı yeməlisən ki, gücün olsun. Və mən istəyirəm elə yaxşı yeməlisən ki, gücün olsun cümləsindən çıxaq və gedək yavaş-yavaş bizim Azərbaycan Hərbi Hava Qüvvələrimizin neçə qidalanmasından, yaşayış və onların sosial-məişət şəraitindən danışaq. 


- Bütün hərbi hissələrdə infrastruktur təzədən qurulur. Müasir tələblərə cavab verən binalar, əsgər yataxanaları, qərargahlar, camaşırxanalar, hamam və yeməkxanalar inşa edilir. Bu yenidənqurma işləri, məişət şəraitinin yaxşılaşdırılması birbaşa möhtərəm cənab prezident, Ali Baş Komandan tərəfindən silahlı qüvvələrə verilən tapşırıqdır. 


Təşəkkür edirəm. Çox sağ olun!