Türkiyə-Suriya qarşıdurması Azərbaycana da təsir göstərəcək

6 Oktyabr 2012 07:57 (UTC+04:00)

Türkiyənin Suriya ilə sərhəd bölgəsində vəziyyət həddən artıq kritik duruma çatıb. Bəşər Əsəd tərəfdarlarının Türkiyə ərazisini atəşə tutması Ankaranın Dəməşqə münasibətdə istər-istəməz səbr kasasını daşdırıb. Qeyd edək ki, iki gün öncə Suriya ərazisindən atılan mərminin Türkiyənin Akçakale şəhərinə düşməsi nəticəsində 5 nəfər ölüb, 13 nəfərsə yaralanıb. Sentyabr ayında da bu şəhərə Süriya tərəfdən mərmi düşmüşdü və o zaman 3 nəfər yaralanmışdı.

Bundan başqa cari ilin iyulunda Suriya Aralıq dənizinin beynəlxalq sularında Türkiyəyə məxsus hərbi təyyarəni də vurub. Son insidentin ardınca Türkiyə hərbçiləri Suriyaya təsbit olunan koordinatlara toplardan atəş açılıb. Onu da vurğulayaq ki, Türkiyə parlamenti Suriyaya qarşı hərbi addımların atılmasına razılıq verib.

Rəsmi Dəməşq isə hadisənin təsadüfən baş verdiyini iddia edərək Ankaradan üzr istəməklə kifayətlənib. Rusiya isə belə bir insidentin baş verdiyi təqdirdə də Suriyanı müdafiə etməkdə davam edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov baş verənlərə məntiqsiz bir yanaşma ortaya qoyub. Onun sözlərinə görə Suriyadan Türkiyə ərazisinə atılan mərmilər "qəza"dır. BMT TŞ-dəki rus diplomatları da baş verənlərlə bağlı məsuliyyətin Suriyanın üzərinə qoyulmasını nəzərdə tutan bəyanatın qəbul edilməsinə qarşı çıxıblar. Bir sözlə, Dəməşqin son hərəkəti bölgədə vəziyyəti daha də qəlizləşdirib. Bu hal Türkiyəni özünün müdafiəsi üçün Suriyaya qarşı daha geniş hərbi əməliyyatlara keçməyə sövq edə bilər. Görəsən, ssenarinin genişmiqyaslı hərbi əməliyyatlara doğru istiqamət götürməsi mümkündürmü? Digər tərəfdən, proses genişmiqyaslı xarakter alarsa, regionda nə baş verə bilər? Məsələyə Rusiya və İranın müdaxiləsi necə, mümkündürmü? Türkiyə Suriyaya qarşı müharibəyə başlamalı olduğu təqdirdə Azərbaycan hansı addımları atmalıdır? Bu suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

Politoloq Qabil Hüseynli NATO-nun dəstəyi olmadan Türkiyənin Dəməşq rejimi əleyhinə genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyini düşünmür: "Mövcud olaydan sonra Ankaranın Dəməşqə qarşı kəskin mövqe sərgiləməsi məsələsi psixoloji və çəkindirici xarakter daşıyır. Ankara belə hesab edir ki, kimlərsə Suriyanın təhrikilə Türkiyəni müharibəyə sürükləmək istəyir. Bu səbəbdən də Türkiyə hələlik Suriya ilə bağlı məsələdə ilk addımlarını atıb. Hələlik parlamentdən hərbi əməliyyatlar üçün icazə alıb, eyni zamanda, ordunun sərhəd ərazilərdə hərbi təlimlərinə başlayıb. Bununla da bir növ Suriyaya çəkindirici və psixoloji təsir göstərməyə çalışır. Amma Türkiyə müharibəyə girməyəcək. Çünki NATO-nun dəstəyi olmadan Türkiyə özünü bu bataqlığa atmaz. Yalnız NATO ölkələri birlikdə Suriya ilə bağlı qərar qəbul edərək prosesə daxil olduğu təqdirdə Ankara hərbi əməliyyatlara keçəcək. İndiki halda isə Türkiyə tərəfindən sərhədlərin qorunması və sərhədboyu ərazilərdəki Suriya müxalifətindən olan qüvvələrə ruhi-psixoloji dəstək verilməsi məqsədi güdən tədbirlər həyata keçirilir".

Türkiyə NATO ilə birgə Suriyaya qarşı əməliyyatlara başlayarsa, ekspertə görə regionda irimiqyaslı qarşıdurma qızışar: "Prosesə Rusiya və İran da müdaxilə edə bilər. Amma bu iki ölkənin prosesi sona qədər aparmaq qüdrəti yoxdur. Gec-tez Suriya məsələsi həll olunacaq. Belədə də Rusiya ilə İranın Əsədi dəstəkləmək səyləri hədər gedəcək".

Onun fikrincə, Türkiyə geniş miqyaslı hərbi əməliyyatlara start verərsə, Azərbaycan da ən azından siyasi dəstək baxımından Ankaranın yanında olmalıdır: "Birincisi, burada Azərbaycan tərəfindən nəsə edə biləcək bir şey yoxdur. Amma bununla belə əminəm ki, lazım gəldiyi təqdirdə Azərbaycan, ilk növbədə, Türkiyəyə siyasi dəstək verəcək. Türkiyə baş vermiş olayla bağlı olaraq BMT Təhlükəsizlik Şurasına müraciət edib. Azərbaycan da Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq burada Ankaranın mövqeyinin ciddi surətdə dəstəklənməsinə nail olmalıdır".

Politoloq Elxan Mehdiyev isə Ankara ilə Dəməşq arasında yaranmış konfliktin geniş miqyaslı hərbi xarakter ala biləcəyini istisna etmədi: "Artıq Türkiyə-Suriya sərhədində onsuz da hərbi əməliyyatlar mövcuddur. Türkiyə tərəfindən Suriyanın hərbi hədəflərinə qarşı artıq cavab tədbirləri görülür. Ancaq Türkiyə hökumətinin özü də bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlara girişmək niyyətləri yoxdur. Sadəcə olaraq, parlamentin verdiyi hüquq Suriya tərəfindən Türkiyəyə qarşı atılan hərbi addımlara qarşı lokal çərçivədə tədbirlər görməyə, həmin hədəfləri söndürməyə hesablanıb. Amma bununla belə, Ankaranın geniş miqyaslı hərbi əməliyyata keçə biləcəyini də heç kim istisna etmir. Çünki artıq Əsəd rejimi xaos içindədir. Bu səbəbdən də Suriyada kimin nə etdiyi bilinmir. Belə bir vəziyyətdə Türkiyənin sərhəd bölgəsinə qarşı Suriya tərəfdən hər hansı hərbi addımlar atılarsa, Ankara qonşu ölkənin böyük bir ərazisini öz müdafiəsi üçün təhlükəsizlik zonası olaraq Əsəd qüvvələrindən azad etməyə çalışacaq". Türkiyənin NATO-dan olan mütəffiqlərilə birgə Dəməşq əleyhinə genişmiqyaslı hərbi əməliyyatlara başladığı təqdirdə isə həmsöhbətimiz əmindir ki, bölgədə cərəyan edən proseslər Əsəd rejiminin yıxılması ilə sonuclanacaq: "Belə halda Əsədin hakimiyyətdən getməsi daha real olacaq. Bundan sonra da Suriyada da digər ərəb ölkələrində olduğu kimi yeni dövrə start veriləcəkdir".

Ekspert Ankaranın Dəməşqə qarşı genişmiqyaslı əməliyyatlara başladığı halda Rusiya ilə İranın proseslərə müdaxilə edəcəyinə isə inanmır: "Türkiyə Suriya məsələsində NATO ilə birgə hərəkət etdiyi təqdirdə İran heç vaxtı risq edib özünü təhlükə altına qoymaz. Rusiyada bununla bağlı böyük hay-küy kampaniyasının qopacağı isə aydındır. Amma onun hərbi müdaxiləyə qoşulması çox da inandırıcı deyil".

Qardaş Türkiyə Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başladıqda Azərbaycanın hansı addımlar ata biləcəyinə gəldikdə isə Elxan Mehdiyev Bakının BMT tribunası vasitəsilə Ankaranı müdafiə edə biləcəyini söylədi: "Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu tribunadan istifadə edərək o hər addımda Türkiyəni müdafiə etməlidir, onun haqlı tələblərini dəstəkləyən qərar və qanunların verilməsinə çalışmalıdır. Azərbaycan belə bir vəziyyətdə Türkiyə ilə qardaş olduğunu işdə həyata keçirməlidir. Hətta hərbi əməliyyatlar genişləndiyi təqdirdə belə, Azərbaycan Türkiyəni dəstəkləmək üçün əlindən gələni əsirgəməməlidir".