Şirvanda seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilir

7 Sentyabr 2015 13:00 (UTC+04:00)

Şirvanda Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı (Aİ) ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar başlayıb.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar keçirilən iki günlük seminarda 30 dairə seçki komissiyasının ekspert qruplarının üzvləri iştirak edir.

Seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş genişmiqyaslı maarifləndirmə tədbirində MSK üzvü Tofiq Həsənov, Aİ-nin seçki üzrə eksperti, Ukraynadan olan Sergey Kalçenko iştirak edirlər.

Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Seminar zamanı beynəlxalq ekspert və MSK üzvü tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparacaq, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah ediləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.


Qeyd edək ki, irimiqyaslı regional maarifləndirmə seminarları Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsini əhatə edəcək.