“Murad” şadlıq sarayı qumarxanaya çevrilib - VİDEO

7 Sentyabr 2015 16:39 (UTC+04:00)

Bakı qumarbazlardan canını qurtara bilmir ki, bilmir. Artıq çayxana, internet klub adı altında kazino, qumarxananı görmək adi hala çevrilib. Mübariz adlı şəxsin arzuları isə daha böyükdür. Belə ki, bu şəxs nə çayxana, nə internet klubunu yox, şadlıq sarayını qumarxanaya çevirib. Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayeva küçəsi 36-da yerləşən "Murad" şadlıq sarayının ikinci mərtəbəsi təyinatına uyğun fəaliyyət göstərsə də, birinci mərtəbəsində hər gecə "rus lotosu" təşkil edilir. Oyunlara rəhbərlik edən Mübariz adlı şəxs bununla çörək pulu qazandığını dedi. Bildirdi ki, Azərbaycanda bu işlə məşğul olanda heç kəs loto bilmirdi nədir. "Müdir"onu da əlavə etdi ki, bu əməlinə görə, vaxtı ilə türmədə də yatıb. Hazırki fəaliyyətindən isə müvafiq qurumların xəbəri oladığını dedi. Sonda bizə rüşvət təklif etməyi də unutmadı. 

Loto oyunları ilə bağlı restoran müdirinin fikirlərini öyrənmək istədik. Lakin özünü mühafizəçi kimi təqdim edən şəxs hər dəfə zəngimizdə rəhbərliyin restoranda olmadığını bildirdi. Restoranın birinci mərtəbəsinin isə həqiqətən "Murad"-ın müdiri tərəfindən loto oyunları üçün icarəyə verildiyini təsdiqlədi.

Məlumat üçün onu da bildirək ki, oyunlar hər gün saat 17:00-dan başlayıb, gecə 3-ə qədər davam edir. Maraqlısı budur ki, moderator oyunları mikrafon vasitəsi ilə aparır. Elə məhz bu da restorana yaxın yaşayanların narahatçılığına səbəb olub.

Faktla bağlı vergilər nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov movqe.az-a bildirdi ki, məlumatlar nazirliyin Operativ Nəzarət İdarəsinə verilib: "Axşam saatlarında müvafiq tədbrlər görüləcək".

Xatırladaq ki, bu qanunverciliklə bu əməllərin cinayət tərkibli hesab edilir. Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.