Bir saatlıq,bir günlük kirayə verilən evlər "priton" kimi istifadə olunur

7 Sentyabr 2015 16:54 (UTC+04:00)

Əvvəllər fahişəliyə cəlb etmə hallarına kafe, motel və otel tipli obyektlərdə daha çox rast gəlinirdisə, son vaxtlar şəxsi evlərdə əxlaqsızlıq yuvalar aşkarlanır.  Bu günlərdə Bakıda eyni küçədə iki əxlaqsızlıq yuvası aşkarlanıb.  Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nizami rayonunda bir küçədə iki "priton" aşkarlanıb. Naxçıvanski küçəsi ev 64-də 1993-cü il təvəllüdlü Fəqan Əzizinin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb. Nizami rayonu 24-cü Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir. Xatırladaq ki, bir neçə gün öncə də eyni küçədə daha bir əxlaqsızlıq yuvası aşkarlanmışdı. Naxçıvanski küçəsi 39 ünvanında Salyan rayon sakini 1961-ci il təvəllüdlü Əsmər Kazımovaya məxsus evdə əxlaqsızlıq yuvasının olduğu üzə çıxmışdı. 

Movqe.az-a açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu cür hallara bir neçə saata, bir yaxud iki günlük kirayə verilən evlərdə də çox rast gəlinir. Həmsöhbətimiz deyir ki, şəxsi mənzillərdə "priton"ların üzə çıxması onu göstərir ki,  Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bu cür elanları izləyir və insan alverinə qarşı mübarizə tədbirləri kimi istifadə edir: "Mətbuatda, internetdə günlük, saatlıq, həftəlik ev kirayəsi ilə bağlı elanlara son vaxtlar tez-tez rast gəlinir. Bu onu göstərir ki, bu cür evlərə tələbat var.  Ailəsinin, yaxud özünün Bakıda yaşaması üçün ev kirayələyən şəxs təbii ki, uzun müddətlik ev kirayə edir.  Çox nadir hallarda Bakıya iş üçün bir-iki günlük gələn şəxslər olur ki, onlar da çox vaxt qohum-əqrabanın evində qonaq qalır, yaxud otellərdə yer sifariş edirlər. Bir neçə saata, bir-iki günlük ev kirayələyənlərin çoxunun məqsədi orada əxlaqsızlıq yuvası təşkil etmək olur. Qiymətlərdən də görünür ki, bir saatlıq, yaxudda bir-iki günlük ev kirayələyənlər bunun üçün heç də az məbləğ ödəmirlər. Belə kirayə evlərin bir günlük haqqı 20-30 manat təşkil edir. Həmin evləri kirayə götürənlərin məqsədi çox vaxt  əxlaqsızlıq yuvası saxlamaq olduğundan, və onlar bundan çox gəlir əldə etdiklərindən həmin evlərə bu qədər məbləğ ödəməyə də razı olurlar. Son vaxtlar şəxsi evlərdə əxlaqsızlıq yuvalarının aşkarlanması onu göstərir ki, artıq DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi  bu cür elanları izləyir və fahişəliyə, eləcə də insan alverinə qarşı qabaqlayıcı tədbirlər sırasına əlavə edib".

M. Zeynalova deyir ki, əxlaqsızlıq yuvası kimi istifadə edilən şəxsi evlərdə insan alveri qurbanlarının da cinsi istismar olunması istisna deyil: "Belə evlərə ola bilər ki, müştərinin istəyinə uyğun olaraq, onun sifarişi əsasında insan alveri qurbanları olan cinsi istismar edilən qadınlar aparılsın. Yaxud da şəxslər ancaq evin pulunu ödəsin, öz cinsi partnyorlarını o evlərə aparsınlar. Hər iki halda ev əxlaqsızlıq yuvası olduğundan fahişəliyə cəlb etmə cinayət məsuliyyəti yaradır. Odur ki, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bu cür elanları izləyərək fahişəliyə, eləcə də insan alverinə qarşı qabaqlayıcı tədbirlər sırasına əlavə etməsi alqışlanandır".

M. Zeynalova bu  cür evlərdə də fahişəliyə cəlb etmə olduğundan, QİÇS və sair kimi xəstəliklərin cinsi yolla yayılmasının istisna olmadığını söylədi.