Avropa İttifaqı Azərbaycana qarşı yenə qərəzli mövqedən çıxış edir

8 Sentyabr 2015 07:00 (UTC+04:00)

Qarşıdan gələn parlament seçkiləri ilə bağlı Avropa İttifaqının bəzi strukturları indidən qeyri-obyektiv mövqe nümayiş etdirməyə başlayıb. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində qeyd edib ki, yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır: "Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb".

Millət vəkili Zahid Oruc bildirdi ki, Prezident Administrasiyasında yüksək vəzifə daşıyan və daha realist informasiyalara malik olan bir şəxsin dilindən bu sözlərin səslənməsi hər kəsi düşünməyə vadar edir: "Bu, o deməkdir ki, Azərbaycanın məxfi informasiyaları əldə etmək üçün kifayət qədər imkanları genişdir. Lakin digər tərəfdən bizi təəssüfləndirən budur ki, Avropa strukturları başqa ölkələrə diqtə etdikləri şərtləri, qanunvercilik normalarını, beynəlxalq hüquq prinsiplərini özləri kobud şəkildə tapdalayaraq, keçmiş Sovet dönəmindəki kimi, yoxlamalardan, təftişdən öncə hər hansısa aktları hazırlayırlar. Əsl həqiqətətdə seçki mübarizəsinə start verilsə də, dünyanın hər yerində ümumən baş vermiş tendensiyaların biz də şahidi oluruq. Bu, ondan ibarətdir ki, siyasi qüvvələr öz qurduqları taktika çərçivəsində biri digərinə zaman, insan resurlarının cəmləşdirilməsi və s. kimi amillərə görə təsir etməyə çalışır. Bu, qeyri-obyektiv prosesdir.

Digər tərəfdən, seçkilərdə iştirak sayı, əhalinin oradakı faizi ilə bağlı da dünyada oturuşmuş ənənələr var. ABŞ-ın 5 prezidenti 25 faizlik səslə seçiliblər. Bəzən orada seçkilərdə əhalinin iştirakı da heç 28-30 faizi keçməyib. 70% insanların prosesdən kənarda qalması belə ölkədəki hakimiyyət institutlarının dayanıqlığına təsir göstərməyib. Ona görə də siyahıların gecikməsi, yaxud da elə bunun normal hal olması, rəqib qüvvələri daha az zaman içərisində yaxalamaq halları heç bir vaxt mənfi seçki hadisəsi kimi dəyərləndirilə bilməz. Buna yönəlik hansısa bəyanatların verilməsi çox yanlış olar. Bir qism qüvvələrin seçkiyə qatılıb-qatılmaması fonunda öncədən qərar vermək Azərbaycanın Avropa strukturları ilə münasibətlərinin ümumi ruhuna və qəbul edilmiş sənədlərin xarakterinə tamamilə ziddir. Avropa İttifaqı Azərbaycanın seçki mübarizəsinin daha çox qarşıdurmaların, süngünün, ağır yaylım atəşlərinin, sosial böhranın, toqquşmanın, ərazi itkilərinin müşayəti ilə keçməsini istəyirsə, bunu yaşayan ölkələr var və heç kəs bir daha ona qayıtmaq istəməz".

Zahid Oruc əlavə etdi ki, bu gün sanki orta əsrlərdəki kimi dünyanın bir qitəsindən digərinə əhalinin böyük köçünü izləməkdəyik: "Çoxsaylı miqrant öz varlı ölkələrini qeyri-sabitlik və kütləvi qırğınlar səbəbi ilə tərk edib, Avropaya pənah gətirir. Ağır dilənçi formasında Hitler Almaniyasının dönəmindəki kimi sanki barrikadalardan digər düşərgələrə qovulmaq təhlükəsini yaşamaqdadırlar. Düzdür, artıq Avropa ölkələrinin rəhbərləri fərqli qərarlar verməyə başladılar. Bu yerdə sual olunur. Doğurdan da əgər demokratik dövlət quruluşları süngü, tanklar, toplarla gələcəksə, insanlar o ölkələrdə ən ağır siyasi sistemləri qəbul etməyə hazırdılar. Yetər ki, onların siyasi təhlükəsizlikləri tam təmin olsun. Ona görə də Azərbaycana sırınan demokratik modellər onlardan ibarətdirsə, cəmiyyət ondan imtina edir. Yəni, seçki prosesini normal qaydada müşahidə edib, onun əsasında qiymətləndirmə aparmaq lazımdır. Harda nöqsan, pozuntular, saxtakarlıq olacaqsa, ona adekvat qiymət, ya da əksinə, normal mübarizənin nəticəsində qalib olacaqsa, onları da tanımaq və bununla da Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirmək lazımdır".