Azərbaycan Ordusunun təlimləri erməniləri vahiməyə salıb

8 Sentyabr 2015 08:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, ötən bazar günü Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər sentyabrın 13-nə kimi davam edəcək. Təlimlərdə Silahlı Qüvvələrin şəxsi heyətinin 65 minə qədər əsgəri iştirak edir. Bundan başqa, təlimlərə 700-ə qədər hərbi texnika, 500 raket və artileriya qurğusu, 40 ədəd hərbi təyyarə və 50 ədəd helikopter, Hərbi-Dəniz Qüvvələrinin 20-ə qədər hərbi gəmisi, habelə hava-hücumundan müdafiə qüvvələri və zenit-raket birləşmələri də cəlb olunub.

Təlimlərin gedişində pilotsuz təyyarələrdən də istifadə ediləcək. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlərdə məqsəd bütün ordu birləşmələrinin hərbi hazırlığını yoxlamaqdan ibarətdir. Bildirilir ki, hərbi birləşmə və hissələrin səfərbərlik istiqamətində verilən tapşırıqları yerinə yetirmək üzrə hazırlıq səviyyəsini yoxlamaq üçün, ehtiyatda olan 6 mindən çox hərbçi də prosesə cəlb olunacaq. Xatırladaq ki, bu arada Ermənistan da hərbi təlimlər keçir.Erməni KİV-i xəbər verir ki, təlimlər çərçivəsində İrəvan yaxınlığındakı "Nubaraşen"təlim poliqonunda qaçqınlar üçün çadır düşərgəsi də salınıb.

Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrindən əhalinin kütləvi evakuasiyası, habelə İrəvandakı mühüm obyektlərin əməkdaşlarının təcili köçürülməsi sınaqdan keçirilmişdi.

Bu elementlər onu göstərir ki, tammiqyaslı müharibənin başlayacağı təqdirdə Azərbaycan Ordusunun nəinki təkçə işğal olunmuş əraziləri azad edəcəyi, o cümlədən Dağlıq Qarabağdan ermənilərin kütləvi qaçışının mümkünlüynü Ermənistanda artıq

nəzərə almağa başlayırlar. Yəni bu Ermənistanın

özünün Azərbaycan Ordusu qarşısında gücsüzlüyünün etirafıdır.

Politoloq Elman Nəsirov bildirdi ki, keçirilən hərbi təlimlər Ermənistanın Azərbayacn Ordusundan çəkindiyinin, qorxduğunun bariz nümunəsidir: "Bəzi beynəlxalq siyasi dairələr səhv olaraq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir. Əslində isə, keçirilən hərbi təlimlər göstərir ki, heç bir dondurulmuş münaqişədən söhbət gedə bilməz. İstənilən vaxt münaqişə müharibəyə çevrilə və bu hadisə qaçılmaz ola bilər. Bu müstəvidə son hərbi təlimlər də bir sıra reallıqları üzə çıxardı. Birinci növbədə o reallığı üzə çıxardı ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür. Cənab Prezident təsadüfən qeyd etməmişdi ki, Azərbaycan Ordusu dünyada ən güclü ordulardan biridir.

Azərbaycan Ordusu o qədər güclüdür ki, Ermənistan tərəfi vahimə içərisində əhalini də təlim keçirilən ərazilərdən köçürür, evakuasiyasını həyata keçirir. Bir müddət bundan öncə erməni işğalçıları Azərbaycanın dinc əhalisini, toy məclisini hədəfə almışdı. İşğalçıların Azərbaycan Ordusu ilə üzbəüz gəlməyə gücü çatmır və belədə dinc əhalidən əvəzini çıxmaq istəyir. Bilirdilər ki, bunun cavabı ola bilər. Ona görə ermənilər keçirdikləri təlimlərə əhalinin evakuasiyası məsələsini də salıb. Bu, Azərbaycanın hərbi gücü, hərbi ponensialı qarşısında ermənilərin geri çəkilməsi, ağ bayraq qaldırmalarından başqa bir şey deyil. Ermənilərin keçirdiyi hərbi təlimlər bu reallığı üzə çıxardı. Azərbaycanın keçirdiyi təlimlər isə miqyas etibarı ilə çox böyükdür. Prosesə 65 minlik hərbi heyət cəlb olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusu istənilən vaxt Ali Baş Komandanın əmrini alıb, torpaqlarımızın hərbi yolla azad olunması missiyasını tam gücü ilə yerinə yetirmək iqtidarındadır. Bu son və ondan əncə keçirilən bütün təlimlər həmin reallığı üzə çıxardı. Ermənistandakı təlimlərin isə başqa bir mənası da var. O da ondan ibarətdir ki, payız mövsümündə Ermənistanda yaşanan sistemli böhran daha da kəskinləşir. Hazırda bu ölkədə əhalinin ehtiyac qayğıları fəlakətli səviyyəyə gəlib çatıb. Hələ yay aylarında xalq belə vəziyyətə etiraz səslərini ucaltmışdı. Payızda bu minvalla sosial vəziyyət Ermənistanda daha da ağırlaşacaq. Sosial ehtiyacları isə Ermənistan boş büdcəsilə reallaşdırmaq gücündə deyil. Belə olan vəziyyətdə istinsa deyil ki, yaxın perspektivdə, payız aylarında Ermənistandakı siyasi və iqtisadi kataklizmlər növbəti, daha faciəvi bir

mərhələyə keçsin. Bunu Serj Sarkisyan və onun komandası təbii ki, hesablayır. Belə olan vəziyyətdə onlar hərbi təlimlər, hətta əhalinin evakuasiyasını həyata keçirmək yolu ilə narazı kütləyə sübut etməyə çalışırlar ki, Azərbaycan hərbi hücumlara başlaya biləcəyi bir vəziyyətdə daha çox mədənizi düşünürsünüz, nəinki Ermənistanın milli maraqlarını. Keçirilən təlimlərlə Ermənistan hökuməti belə bir ismarıcı da əhalisinə çatdırmaq istəyir. Amma artıq gecdir. Daha yorulmuş, bezmiş əhalini belə təlimlərlə də aldatmaq mümkün deyil. Hesab edirəm ki, Azərbaycan tərəfinin keçirdiyi təlimlər nəticə etibarı ilə Ermənistanda əhalinin ölkəni tərk etməsi prosesinə yeni bir dinamizm verəcək. Erməni əhalisi bir daha əmin olacaq ki, Azərbaycan Ordusu bir gün mütləq torpaqlarının hərbi yolla azad edilməsi missiyasını həyata keçirəcək. Belə olan vəziyyətdə elə indidən başlarına çarə qılmağa dəyməzmi? Hesab edirəm bu reallığı da nəzərdən qaçırmaq olmaz".