Aqrar məhsulların qiyməti enəcək

8 Sentyabr 2015 09:00 (UTC+04:00)

Bir vaxtlar paytaxtda kifayət qədər alıcının üz tutduğu kənd təsərrüfatı yarmarkalarının yenidən fəaliyyətə başlaması gözlənilir. Bununla bağlı müvafiq hazırlıq işlərinin görüldüyü, yarmarkaların açılacağı yerlərin müəyyən edildiyi bildirilir. Maraq doğuran məqam isə yenidən fəaliyyətə başlayacaq yarmarkaların aqrar məhsulların qiymətinə hansı təsir göstərəcəyidir.

İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarının yenidən bərpasının iqtisadi baxımdan bir sıra əhəmiyyəti var: "Şənbə-bazar günləri təşkil edilən yarmakalar bağlanandan sonra insanlar ənənəvi bazarlara üz tuturlar. Hansı ki, bu bazarlarda da məhsulları uzun müddətdir fəaliyyət göstərən ticarətçilər yarmarkaların qiymətindən 40% baha qiymətə satırlar. Eyni zamanda həftəsonu təşkil edilmiş yarmarkalardan faydalanan insanların da ənənəvi bazarlara üz tutması nəticəsində qiymətləri bir qədər də qaldırıblar. Həm də builki mövsümdə ötən illə müqayisə bahalaşma hiss edilir. Yarmarkaların bərpa edilməsi fermerə birbaşa bazara çıxış imkanı yaradır. Digər tərədən yarmarkalarda daha çox çeşid və ucuz məhsul əldə etmək mümkün olur. Eyni zamanda yarmarkalarda yerli məhsullar üstünlük təşkil edirdi. Bu baxımdan yarmarkaların bərpa edilməsi bazara daha çox yerli məhsulların çıxmasını təmin edəcək. Yarmarkalar bütün sosial təbəqələrin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında əhəmiyyət kəsb edir. Ancaq bu sahədə yeniliklər də həyata keçirilməlidir. Məsələn, əvvəllər yarmarkaların yağışdan daldalanmaq yerləri olmurdu. Hətta bəzilərində antisanitariya hökm sürürdü. Bu kimi məsələlər də həll edilməklə yarmarkaların yenidən fəaliyyət göstərməsi müsbət hal olardı".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Çingiz Fərəcov da yarmarkaların yenidən qurulmasını yaxşı hal kimi dəyərləndirdi: "2006-cı ildə Bakı şəhərində 7 kənd təsərrüfatı yarmarkası fəaliyyət göstərirdi. Bu yarmakaları təşkil etməkdə məqsəd o idi ki, sahibkarlar öz məhsullarını özləri gətirib sata bilsinlər. İlk dövrdə yarmarkalar yaxşı nəticələr verdi. Çünki, qiymətlər həddindən artıq ucuz idi. Hər bir sahibkar öz məhsulunu özü satırdı. Heç vaxt da kənar alverçilərin yarmakalara soxulmasına imkan verilmirdi. Ancaq sonradan vəziyyət pisləşdi.

Alverçilər, işbazlar yarmarkalarda çoxaldılar. Rayonlardan sahibkarlar bilvasitəsi öz məhsullarını gətirə bilmədilər. Alverçilər yarmarklara daxili olub öz qiymətlərini diktə edirdilər. Qiymətlər isə adi bazar qiymətlərində seçilmirdi. Əlbəttə, belə vəziyyət uzun çəkə bilməzdi. Vaxtı ilə bu yarmarkalar bazarlarda qiymətlərə təsir etmək üçün yaradılmışdı. Ona görə indi də onu bərpa etmək lazımdır. Yarmarkalar ümumi bazarda qiymətlərin aşağı düşməsinə kömək edəcək. Ancaq alverçilərin ora daxil olmasının qarşısı alınmalıdır. Əgər yarmarkalar təyinatı üzrə fəaliyyət göstərərsə, qiymətlər xeyli ucuzlaşacaq, aztəminatlı ailələr üçün münasibət şərait formalaşmış olacaq. Yarmarkalarda qiymətlər aşağı düşdükdə bu, bazar qiymətlərinə təsir edəcək. Onlar da məcburən qiymətləri aşağı salacaq".

Mübariz BAYRAMOV