Ucuz qiymətə ev almaq mümkün olacaq

8 Sentyabr 2015 10:00 (UTC+04:00)

Ölkədə uzun müddətdir ki, gündəmdə olan məsələlərdən biri də sosial mənzillərin inşasıdır. Belə evlərin inşası az vəsait ödəməklə mənzil sahibi olmağa imkan verdiyindən mövzu cəmiyyətdə də xüsusi həssaslıqla izlənilir. Qeyd olunan fonda parlamentin payız sessiyasına sosial mənzil fondunun yaradılması məsələsinin çıxarılacağı ilə bağlı xəbərlər getdikcə daha çox diqqət cəlb edir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də bildirir ki, yaxın gələcəkdə Azərbaycanda sosial evlərin tikintisi planlaşdırılır. İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı verdiyi tapşırığı xatırladan millət vəkili qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır. Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazır olmasa da, dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilir: "Biz Almaniya və son dövrlər bu sahədə uğur qazanan Sinqapur kimi ölkələrin təcrübəsini öyrənirik. Təbii ki, təcrübələr öyrənildikdən sonra yəqin ki, gələcək zamanlarda Azərbaycanda da bunun tətbiqinə başlayacağıq. Məsələn, belə bir təcrübə var. Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir. Kirayə haqları evin satış qiymətinə gəlib çatanda ev qalır orada yaşayan şəxsə. Bundan başqa təcrübələr də var".

Sosial evlər deyəndə, dünya təcrübəsində istifadə olunan "social housing" üsulu nəzərdə tutulur. Bu təcrübə ilk dəfə Honqkonqda tətbiq edilib. 1953-cü ildə 53 min adamın yaşadığı Şek Kip Mi gecəqondu məhəlləsində yanğın olub. Hakimiyyət sakinlər üçün yeni evlər tikərək uzunmüddətli (təxminən 10 il) kirayə müqavilələri bağlayıb və bu müqavilələrdə müştərinin istəyi ilə uzadılmaq imkanı da qeyd edilib. Həmin evlərdən alınan kirayə haqqı kirayə bazarındakından 10 dəfə aşağı olub. Həmin vaxt Honqkonqda evlərin orta kirayə haqqı 100 dollar olduğu halda, Şek Kip Mi sakinləri ilə bağlanan müqavilələrdə aylıq kirayə qiyməti 10-14 dollar təşkil edirmiş.

Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir. Ekspertlərin rəyinə əsasən, Azərbaycanda sosial mənzil fondunun yaradılması dövlət büdcəsi üçün heç bir çətinlik yaratmır. Musa Quliyev isə Bakıdakı sıxlığı əsas gətirərək yeni tikiləcək sosial evlərin daha çox regionlarda inşasının vaciblyini bildirir. Bunnula paytaxtda yaranacaq sıxlığın qarşısını da almaq olar: "Bakıda çox sıxlıqdır. Ona görə də bu layihənin bizim böyük şəhərlərimiz olan Şirvanda, Gəncədə və digər zonalarda həyata keçirilməsi yaxşı olardı".

Qeyd edək ki, sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur. Məsələn, 75 kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir. Onu da bildirək ki, dövlət başçısının İpoteka proqramına əlavə 200 milyon manat vəsaitin ayrılması barədə göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb. İlin sonuna kimi dövlət başçısının tapşırığı ilə ipotekaya dövlət büdcəsndən 200milyon manat ayrılacaq. Burada ayrılan vəsaitin bir hissəsinin sosial evlərin inşası üçün istifadəsi də gündəmdədir.

Ekspertlər hesab edirki, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür.. Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması mümkndür. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcəllənin 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur.Belə evlərin inşası mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Ən əsası isə bu, aztəminatlı ailələri yüksək kirayə haqqı ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək.