İtaliya da Minsk qrupuna qoşulmaq istəyir

8 Sentyabr 2015 10:45 (UTC+04:00)

İtaliya Dağlıq Qarabağ probelminin sülh yolu ilə həll edilməsində vasitəçi qismində iştirak edə bilər. Bu fikir İtaliyanın "Notizie Geopolitiche" qəzetinin rəsmi saytında yer alıb. Qəzet yazır ki, İtaliya hökumətinin regiondakı maraqlarını nəzərə alaraq, hansısa vasitəçilik rolunda çıxış etməsi barədə düşünmək olar: "Bu gün İtaliya Azərbaycanla enerji sahəsində, əsasən də "Transadriatik" qaz kəməri (TAP), "Şahdəniz" qaz yatağı layihələri ilə bağlı əlaqələri mövcuddur. İtaliya bu kəmərlərin son məntəqəsi kimi, Avropanın əsas enerji qovşağına çevriləcək. Digər tərəfdən, İtaliyanın Ermənistanla tarixi, mədəni və dini əlaqələrə əsaslanan dostluq münasibətləri mövcuddur".

İtaliyada ümid edirlər ki, tərəflər danışıqlar masasına əyləşə biləcəklər: "Gərginlik və ittihamları dəf etmək, həmçinin sülh yolunu seçmək üçün ümid yeri var. Bu da regionun inkişafı üçün çox vacib amildir".

İtaliya qəzetindən fərqli olaraq yerli siyasilər isə rəsmi Romanın bu işə qoşulacağını mümkün hesab etmirlər.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, cəbhədə atəşkəsin daha intensiv pozulduğu ərəfədə İtaliyanın Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyası ilə çıxış etməsi müsbət dəyərləndirilməlidir: "Amma İtaliyanın Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində vasitəçilik təşəbbüsünü həyata keçirəcək mexanizmlər yoxdur. Eyni zamanda İtaliyanın bu təşəbbüsünü həyata keçirməsi üçün Azərbaycan və Ermənistanın razılığı əldə edilməlidir. Amma bunu hər iki tərəfin qəbuletmə ehtimalı çox zəifdir. Bu məsələ ilə 20 ildən çoxdur məşğul olan ATƏT-in Minsk qrupu var. ATƏT Minsk qrupu hər nə qədər 20 illik fəaliyyəti heç bir nəticə verməsə də, günümüzün reallığında başqa mexanizmin Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində təşəkkül tapması nəticə verməz".

Digər siyasi şərhçi Rasim Ağayev də İtaliyanın bu təşəbbüsünə nikbin baxmadı: "Bunlar bir adi qəzet xülyasıdır. Maraqlı olardı ki, fikirlərini əsaslandırsınlar. Ancaq bu təşəbbüsün arxasında ciddi nəsə yoxdur. Çünki, yaradılmış Minsk qrupu formatı nəzarəti altında keçirilən danışıqlar ciddi nəticələr verməsə də, faktiki olaraq, vasitəçilər Dağlıq Qarabağ problemi haqqında lazımi qədər məlumatlıdırlar. Bütün razılıq tədbirləri və təkliflərini ortaya çıxarıblar. Sadəcə, indiki vəziyyətdə söhbət, yeni bir ölkənin iştirakından yox, Azərbaycan ilə Ermənistanın razılığa hazırlığından gedir. Təcrübə göstərir ki, Ermənistanın "oyunları" həmsədrləri də, Azərbaycanı da bezdirib. Vaxt getdikcə Ermənistanın qeyri-konstruktiv mövqeyi dünya üçün də bəlli olur".

Politoloq əlavə etdi ki, yarannmış formatı dağıtmaq düzgün olmazdı: "Ora yeni nəsə əlavə etmək olar. Məsələn, postsovet məkanından olan ölkələrin bir qrupu təşəbbüs göstərə bilər. Çünki, eyni proseslər həmin respublikalarda da gedir. Yəni, İtaliya yox, oxşar problemlə qarşılaşan ölkələrin bu işdə iştirak etməsi daha düzgün olardı. Məsələn, burada İspaniyanın adını çəkə bilərik. Çünki, İspaniyanın da parçalanm ehtimalı var. Orada da dövlətçilik tələbləri tez-tez səslənir. Amma anidən İtaliyanı vasitəçi kimi Rusiyanın təşəbbüsü ilə yaradılmış quruma daxil olması çətin məsələdir. Əvvəla, bu proses çox uzun vaxt aparacaq. Digər tərəfdən də effekti olmayacaq".