FHN Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

8 Sentyabr 2015 10:10 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi sentyabrın 7-də Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu həmçinin, 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat ediblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.