Bakıda ikizolaqlı yollarda avtobus, yanğınsöndürən və təcili tibbi yardım maşınlarına xüsusi zolaq ayrılmayacaq

8 Sentyabr 2015 14:35 (UTC+04:00)

"Bakıda hansı yol ikizolaqlıdırsa, o yollarda ictimai və operativ nəqliyyat vasitəsi üçün xüsusi zolaq ayrılması mümkün deyil. Birinci Avropa Olimpiya Oyunları zamanı da gördük ki, elə yollarda xüsusi zolaq ayrılanda, digər zolaqda uzun sıra yaranırdı".


Movqe.az xəbər verir ki,  bunu baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov Bakıda ictimai və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün yollarda xüsusi zolaqların ayrılmasına münasibət bildirərkən deyib.


Nazirlər Kabinetinin Yol Təhlükəsizliyi Komissiyasında Bakıda ictimai (avtobus) və operativ (yanğınsöndürən maşınlar, təcili tibbi yardım maşınları) nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılması məsələsi barədə hələ qərar verilmədiyini nəzərə çatdıran A. Şərifov bildirib ki, ictimai və operativ nəqliyyat vasitələri üçün 3 zolaqlı yollarda xüsusi zolaq ayrıla bilər: "Bir ay ərzində 3 zolaqlı yollarda ictimai və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılması məsələsi barədə qərar verəcəyik".