Abid Şərifov: "Bakı-Tbilisi-Qars dəhlizi ilə daşınan yüklərə vahid tarif tətbiq olunmalıdır"

8 Sentyabr 2015 15:20 (UTC+04:00)

"Aktaudan, Türkmənbaşıdan Azərbaycana gələn, Azərbaycandan Gürcüstana və digər dövlətlərə gedən yüklərə vahid tarif tətbiq olunacaq"


Baş nazirin müavini Abid ŞərifovBakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Movqe.az xəbər verir ki,  A. Şərifov deyib ki, gömrük prosedurunun sadələşdirilməsi birtərəfli ola bilməz və bu məsələ Türkiyə və Gürcüstanla razılaşdırılmalıdır: "Düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu nəqliyyat koridoru başqa dəhlizlərə nisbətən həm yük daşıyanlar, həm də bizim üçün ən faydalı, xeyirli bir dəhliz olmalıdır. Söhbət yük daşıyanlardan gedir, sərnişinlərlə bağlı problem ola bilməz. Yük daşıyan üçün bu dəhlizi cəlbedici etmək istəyirik. Bu dəhlizlə bağlı vahid tarif olmalıdır. Bu yaxınlarda Azərbaycan seqmentinlə daşınan yüklərin, Aktaudan, Türkmənbaşından Azərbaycana gələn, Azərbaycandan Gürcüstana və digər dövlətlərə gedən yüklərə vahid tarif tətbiq olunması barədə qərar qəbul olunacaq".

A. Şərifov əlavə edib ki, bu gün Azərbaycanda tranzit daşıyıcılar problemlərlə üzləşirlər: "Bir tranzit yük daşıyıcısı həm Xəzər Dəniz Gəmiçilik İdarəsinə müraciət edərək bir tarif alır, digər tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-dən başqa tarif alır. Düşünürəm ki, bu məsələlərə qısa müddətdə baxılmalıdır. Biz yük daşıyıcılarının işini asanlaşdırmalıyıq".