AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb

8 Sentyabr 2015 15:25 (UTC+04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib.

Movqe.az xəbər verir ki, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, hesabat bu il mayın 1-dən sentyabrın 1-nə qədər olan dövrü əhatə edir. O deyib ki, hesabata seçkiqabağı siyasi mühit, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, seçkilərin monitorinqi və digər bölmələr daxildir.

Seçki öncəsi vəziyyətin monitorinqi, seçki administrasiyasının fəaliyyəti və KİV-in monitorinqinin aparıldığını söyləyən M. Zülfüqarlının sözlərinə görə, monitorinq nəticəsində məlum olub ki, parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi mühit demokratik seçki keçirilməsinə zəmin yaradır. O, təşkilatın seçkilərlə bağlı görəcəyi işlərdən də danışıb: "Müşahidəçilər üçün kitabçalar çap olunacaq, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması ilə bağlı görüşlər keçiriləcək, regionlarda seçki fəallığının artırılması üçün sentyabrın 11-dən seminarlar keçiriləcək".