Azərbaycan və San-Marino arasında rəsmi sənədlər imzalanıb

8 Sentyabr 2015 16:35 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentinini qəbul edib.

Movqe.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir qonağı salamlayaq səfərin Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu deyib və səfərin əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını bildirib.

P. Valentini regiona ilk səfərinin Azərbaycana olmasından məmnunluğunu bildirərək iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. O, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən kapitan-regentlər Andrea Belluzi və Roberto Venturinin Azərbaycandan xoş təəssüratlarla ayrıldığını deyib.

Görüşdə Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakının mümkünlüyü qeyd edilib.

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı P. Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.

Sonda "Azərbaycan Respublikası hökuməti və San-Marino Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Saziş və "Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiya imzalanıb.