STAR Neft Emalı Zavodunda laboratoriya binasının inşasına başlanılıb

8 Sentyabr 2015 17:05 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev, İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıb.

Movqe.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, SOCAR rəhbərliyinə 30% tikinti işləri yekunlaşmış STAR Neft Emalı Zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq Petlim Limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim"lə əlaqədar təqdimatlar nümayiş etdirilib. Rövnəq Abdullayev qeyd edib ki, ''Petkim" neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb və məhsuldarlıq yüksək səviyyəyə çatıb: "STAR Neft Emalı Zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq haldır".

SOCAR prezidenti Petlim Limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirib: "Bu layihədə zaman faktorundan səmərli yararlanmaq bizim üçün mühüm nailiyyətdir".

Təqdimatlardan sonra Rövnəq Abdullayev və onu müşayiət edən şirkət rəhbərliyinin nümayəndələri STAR Neft Emalı Zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçiriblər.

Səfər zamanı SOCAR rəhbərliyini "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz, baş icraçı direktorun birinci müavini Samir Kərimli və "Petkim"in baş direktoru Sadəddin Qorqud müşayiət ediblər.