Ordumuzun arsenalında NATO hərbi texnikaları da olacaq

9 Sentyabr 2015 10:30 (UTC+04:00)

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015" taktiki təlimləri davam edir. Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir. Sadalanan texnikaların bəziləri Türkiyə, bəziləri də Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında yer alıb. Elə təlimlərin keçirilməsində məqsədlərdən biri də Azərbaycan pilotlarının Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus olan hərbi təyyarələrdən istifadə bacarıqlarının artırılmasıdır. Eyni zamanda Türkiyə pilotları da Azərbaycanın arsenalında olan texnikanın mənimsənilməsini öyrənirlər. Bu fonda maraq doğuran məsələlərdən biri gələcəkdə Türkiyə ordusunun istfiadə etdiyi texnikalardan Azərbaycanın da ala biləcəyi ilə bağlıdır.

Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanın son vaxtlar aldığı hərbi texnikaya diqqət etsək, yeniliklərin şahidi olarıq: "Sözsüz ki, Azərbaycan ən müasir silah-sursatları almaqda maraqlıdır. Ölkə Prezidenti də bunu dəfələrlə çıxışlarında qeyd edib. Təlimlərin görüntüləri Müdafiə Nazirliyinin saytında işıqlandırılıb. İndiyə qədər görmədiyimiz xeyli sayda silahlar da ilk dəfədir ki, nümayiş olundu. Azərbaycan pilotları artıq əvvəlki pilotlar deyillər. Türkiyə hərbi hava qüvvələrinə məxsus ən müasir F-16, F-4E bombardmançı, C-130 Herkules hərbi nəqliyyat təyyarələrində manevrlər etməyi bacarırlar. Hansı ki, indiyə qədər biz bunları görməmişdik. Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov mediaya müsahibəsində qeyd etdi ki, hətta bizim pilotlar öz bacarıqları ilə türk komandanlığını təəccübləndirib. Artıq Azərbaycan pilotları Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan bütün döyüş maşınlarını asanlıqlar idarə edirlər. Bu, birgə təlimlərdə də özünü göstərdi. Yəqin ki, bizim pilotlar bu texnikalarla məşq edirlərsə, Azərbaycan yaxın zamanlarda həmin texnikadan mütləq alacaq. İndiki məqamda - Rusiya Ermənistana yardım etdiyi bir etdiyi zamanda Türkiyə də həmin bombardumançıları Azərbaycana hədiyyə edərsə, daha yaxşı olar. Bu, nəyisə ummaq və ya xahiş etmək deyil. Azərbaycan pilotları artıq F-16 təyyarələrindən rahat manevr edə bilirlər. Təkcə gündüz saatlarında deyil, hətta gecə vaxtlarında da uçuşlar həyata keçirirlər. Pilotlarımız həmin texnikalardan rahatlıqla istifadə edirlərsə, yəqin o silahlar alınacaq. Yaxın 1-2 ilə reallaşması mümkün olan addımdır. Artıq o istiqamətdə müəyyən müzakirələr aparılır".

Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə isə fərqli düşünür: "Hansısa bir qrup hərbi quluqçunun hansısa texnika ilə rəfat etməyi bacarmaqla məsələ həll olunmur. Silahların alınması taktiki, sursat uyğunluğundan, texniki baxşdan və s.-dən asılıdır. Ona görə də adətən, hərbi hissələri eyni texnika ilə silahlandırmağa çalışırlar. Bununla da döyüş zamanı ehtiyat, yanacaq eyni olur. Bu baxımdan biz hələlik rus hərbi aviasiyasından asılıyıq. Çünki, Azərbaycanın hərbi hava qüvvələrinin arsenalını əsasən Rusiyanın hərbi təyyarələri təşkil edir. Amma gələcəkdə NATO texnikasından ibarət olan eskadrilya yaratmaq mümkündür".