Prezident İlham Əliyev: “Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var”

8 Sentyabr 2015 18:20 (UTC+04:00)

"Gələn il də valyuta ehtiyatlarımızı, xüsusi ilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq"


"Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var. Biz düşünülmüş siyasət apararaq ildən ilə valyuta ehtiyatlarımızı artırırdıq, bu il də Dövlət Neft Fondunun vəsaitini qoruyuruq".

Movqe.az xəbər verir ki,  bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, vaxtilə alınmış bəzi əmlakların qiyməti düşdüyünə, xüsusilə avro, dollar məzənnələri arasında baş verən bəzi dəyişmələr edə fikir yarada bilər ki, Dövlət Neft Fondunun ehtiyatları azalıb: "Ancaq reallıqda baxanda görərik ki, Dövlət Neft Fondunun ehtiyatları azalmayıb. Çünki qiymətləndirmə və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusi ilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq. Biz bu səpgidə işləri görürük".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmür: "2016-cı ildə də biz uğurla inkişaf edəcəyik. Ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməli, yeni təkliflər verilməlidir. Ən əsası odur ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən büdcə olmalıdır".