Bakıda daha bir dünya ulduzunun konserti baş tutub. "Bakı Kristal
Holl"un səhnəsinə çıxan Rihanna tamaşaçıları gözlənilməz hərəkəti
ilə təəccübləndirib.
"İnana bilmirəm ki, bu səhnədəyəm və bütün bunlar indi baş verir.
Mən Bakıdayam və sizlərin qarşısındayam. Bakı, mən sizi sevirəm..."
Bu sözləri oktyabrın 6-də Bakıda, "Crystal Holl" səhnəsində ilk
solo konsertini verən dünya şöhrətli müğənni Rihanna deyib.
Rihannanın konserti üçün hələ bir neçə gün əvvəl 80 nəfərlik
komanda Bakıya gəlib, konsert üçün xüsusi avadanlıqlar
gətirilmişdi. Konsert gözlənildiyi kimi anşlaqla keçib.
İlk əvvəl "Crystal Holl" səhnəsinə azərbaycanlı gənc müğənni
Gültəkin çıxıb. Daha sonra "Natiq" ritm qrupunun ifasında "Sarı
gəlin" xalq mahnısının mükəmməl şəkildə təqdimatı isə zalda hamını
ayağa qaldırıb. Müxtəlif kompozisiyaların yer aldığı bu ifa
alqışlarla müşayiət olunub.
Nəhayət, saat 22:45-də səhnəyə məşhur müğənni Rihanna özü çıxıb.
Məşhur hitləri ilə hər zaman gündəmdə olan Rihanna səhnəyə xüsusi
lift vasitəsi ilə qaldırılıb. Rihanna, çıxışı zamanı bir neçə dəfə
"Bakı, səni sevirəm" deyə tamaşaçılara səslənib.
Barbados adasında dünyaya gələn, hazırda Amerikada yaşayan və
dünyada milyonlarla pərəstişkara sahib olan Rihanna, bütün
mahnıları canlı ifa edib. Tamaşaçılardan çox böyük diqqət görən
Rihanna, sonuncu ifası zamanı gözlənilməz addım atıb. O,
mühafizəsiz tamaşaçılara yaxınlaşıb və əl-ələ görüşüb.
Xatırladaq ki, Rihannadan öncə sentyabrın 23-də Cenifer Lopes
"Kristal Holl"-da konsert vermişdi. Oktyabrın 14-də isə şəhərimizin
qonağı Şakira olacaq.