Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birgə illik iclasında iştirak edəcək
8 Oktyabr 2012 13:02 (UTC+04:00)
Oktyabrın 9-14-də
Tokioda (Yaponiya) Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı
(DB) Direktorlar şuralarının birgə illik iclası
keçiriləcək.
Bu barədə "APA-ECONOMICS"ə
DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən verilən məlumata görə, tədbirdə BVF və DB-nın üzv
ölkələrinin nümayəndələri iştirak edəcək ki, Azərbaycanı bu iclasda
ölkənin maliyyə nazirinin müavini Azər Bayramovun başçılıq etdiyi
nümayəndə heyəti təmsil edəcək.
İclasda BVF və DB-nın ötən dövr ərzində fəaliyyəti və gələcək
planları, qlobal maliyyə böhranının müxtəlif regionlara təsiri və
böhrandan sonrakı vəziyyət, dünyada zəifləyən iqtisadi artım
tempinin regionlara mümkün təsiri və bir sıra digər məsələlər
müzakirə olunacaq.
Onu da qeyd edək ki, BVF və DB-nin Direktorlar şuralarının illik
iclası üç ildən bir qurumların üzv ölkələrinin birində, digər iki
illik iclaslar isə Vaşinqtonda keçirilir. Sonuncu dəfə üzv ölkədə
keçirilən iclas 2009-cu ildə İstanbulda (Türkiyə) təşkil
olunub.
Qeyd edək ki, Azərbaycan 1992-ci ilin avqust ayından BVF-nin
üzvüdür, 1995-ci ildən başlayaraq iqtisadi proqramların
dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib. Bu müddət
ərzində BVF Azərbaycan hökumətinə 600 mln. ABŞ dollarından artıq
vəsait ayırıb. Azərbaycanın Fondun qarşısındakı hazırkı öhdəliyi
təxminən 40 mln. dollar təşkil edir ki, həmin vəsait 2014-cü ilədək
tam ödəniləcək.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir.
Ötən müddət ərzində bank 53 layihənin icrasına Azərbaycana 3 mlrd.
dollara yaxın maliyyə yardımı göstərib.