Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib

9 Sentyabr 2015 13:46 (UTC+04:00)

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Parisin ürəyində Azərbaycan musiqisi" adlı klassik musiqi gecəsi keçirilib.


Movqe.az xəbər verir ki, Heydər Əliyev Fondundan  verilən məlumata görə, gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirib.

Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.

Parisdə baş tutan bu konsert Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr silsiləsindəndir. Bu konsert də, Fondun Azərbaycanın xaricdə təbliği istiqamətində reallaşdırdığı mühüm layihələr sırasına daxil olub.

Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaradıb və tamaşaçıların böyük marağına səbəb olub.