ÜST-ün eksperti: " Bu peyvənd qızlarda insan papillomo virusu ilə törədilən xərçəngin qarşısını alır"-Müsahibə

9 Sentyabr 2015 14:28 (UTC+04:00)

Azərbaycanda uşaqlara vurulan peyvəndin keyfiyyəti, həmin peyvəndlərin istehsal edildiyi ölkə ilə bağlı müxtəlif fikir ayrılıqları var. Hətta ölkədə uşağına peyvənd vurulduqdan sonra səhhəti pisləşən, başqa xəstəliklərin baş qaldırdığını iddia edən valideynlər də az deyil. Səhiyyə Nazirliyi, nazirliyin vaksinlə bağlı mütəxəssisləri bu iddiaları əsassız saysalar da, Azərbaycanda peyvəndlə bağlı şübhələri tam olaraq aradan qaldırmaq bu günə kimi mümkün olmayıb. Hazırda da bu cür şübhəli məqamlar üzündən uşağını peyvənd etdirməkdən imtina edən valideynlərin sayı az deyil. Səhiyyə Nazirliyinin bu məsələdə mövqeyi isə bəzən valideynlər tərəfindən müdafiəedici hal kimi qiymətləndirildiyindən, Movqe.az Azərbaycanda peyvəndlə bağlı valideynləri narahat edən sualları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər üzrə məsləhətçi eksperti Federika Martinon Torresə ünvanlayıb.

-Cənab F. M. Torres, Azərbaycana gətirilən peyvəndin keyfiyyəti, istehsal olunduğu ölkə, digər Avropa ölkələrində istifadə edilən peyvəndlə müqayisədə nə ilə fərqlənir? Ümumiyyətlə Avropa ölkələrində Milli İmmunlaşdırma təqviminə daxil edilən peyvəndlərlə bizim ölkədə istifadə edilən peyvəndlər arasında fərq varmı? 

-Öncə qeyd edim ki, Azərbaycan peyvəndin əhatə dairəsinə görə,  Avropadan geri qalmır. Peyvəndlə əhatə Avropa ölkələri ilə eyni səviyyədədir. Bu ictimai səhiyyədə işləyənlərin işini layiqincə yerinə yetirdiyindən xəbər verir. O ki, qaldı sizin ölkənizə gətirilən vaksinlərə, Avropanın digər ölkələrində istifadə olan vaksinlərlə tam eynidir.

-Azərbaycanda bəzən valideynlər dövlətin Milli İmmunlaşdırma Proqramına saldığı vaksinləri belə özəl tibb mərkəzlərində pulla vurdurmağa üstünlük verir. Buna əsas kimi özəl klinikalarda istifadə edilən vaksinlərin daha keyfiyyətli olmasını göstərirlər. Bu barədə nə deyərdiz? Sizcə özəl klinikalarda istifadə edilən peyvəndlərlə dövlətin Milli İmmunlaşdırma Proqramına saldığı və bu proqram çərçivəsində aldığı vaksinlər arasında keyfiyyət baxımından fərq ola bilərmi?

-Özəl sektorda təklif olunan elə vaksinlər var ki, dövlət həmin xəstəliklərə qarşı peyvənd aparmır. Yəni Milli İmmunlaşdırma Proqramına daxil deyil. Amma İmmunlaşdırma Proqramına daxil olan peyvəndlər özəl sektorda istifadə olunan peyvəndlərlə eynidir.

-Bizdə peyvəndlə bağlı ən çox mübahisəli məqam Hindistan istehsalı olan peyvəndlərdən istifadədir. Hindistanda istehsal olunan peyvəndlər keyfiyyətinə görə təhlükəli hesab oluna bilərmi?

-Ümumiyyətlə istəyərdim ki, valideynlər peyvənd istehsalına ÜST tərəfindən, eləcə də yerli milli tənzimləyici orqanlar vasitəsilə ciddi nəzarət olduğunu bilsinlər. Peyvəndin istehsalına ciddi nəzarət var. Peyvənd istehsalı bütün mərhələlərdə yoxlamadan keçirilir. Daha sonra istifadəyə buraxılır. Amma biz peyvəndi istifadəyə buraxdıqdan sonra da nəzarətdən kənarda buraxmırıq. İstehsal olunduqdan sonra da monitorinqlər keçirilir. İstehsal olunmazdan öncə isə sınaqlar aparılır.  üzərində. Peyvəndin istifadə edildiyi ölkələrdə qlobal şəkildə monitorinqlər aparılır. 100 faiz təhlükəsizliyi təsdiqləndikdən sonra satışına icazə verilir. Hindistanın Serium institutunda da, peyvənd istehsalına ciddi nəzarət var. Həmin institutda yeni peyvəndlərin yaradılması üzərində tədqiqatlar aparılır. Hindistanın peyvənd istehsal edən müəssisələrinə ÜST tərəfindən nəzarət edilir. ÜST Hindistanda istehsal edilən peyvənləri təhlükəsiz hesab edir.

-Maraqlıdır, peyvənd istehsalı ilə məşğul olan şirkətlərə hansı tələblər var?

-Qeyd edim ki, bu ildən peyvənd istehsalı üçün lisenziya almaq şərtləri daha da sərtləşdirilib. Bu isə o deməkdir ki, peyvənd istehsalına icazə üçün tələblər kifayət qədər sərtdir.

-Peyvənddən istifadə dairəsinin artması dünyada xəstəliklərin azalmasına nə dərəcədə təsir göstərir? Vaksinasiyanın təsiri xəstəliklərlə mübarizədə tədqiq edilirmi?

-Peyvəndləmənin əhatəsi artdıqca xəstəliklərin də sayı azalır. Amma bu davamlı olmalıdır. Yəni aparılan  müşahidələr göstərir ki, bəzən hansısa peyvənddən istifadə dayandırılan kimi növbəti ildə həmin xəstəliklə bağlı yayılma halı artır. Məsələn, göy öskürəklə bağlı bir neçə il öncə bəzi ölkələrdə vaksinasiya azaldı. Bu həmin xəstəliklə bağlı əhali arasında yayılma hallarının növbəti illərdə artmasına gətirib çıxartdı. 

-Özünüz də qeyd etdiniz ki, bəzi vaksinlər var ki, Avropa ölkələrinin Milli İmmunlaşdırma Proqramına daxildir, ancaq Azərbaycanda bu həmin Proqrama salınmayıb. Sizcə həmin vaksinlərin Azərbaycanda da tətbiqi vacibdirmi?

- Mən  həm də bir həkim kimi istəyərdim ki, dünyada istifadə olunan hər bir vaksin bütün ölkələrin Milli İmmunlaşdırma Proqramına salınsın. Ancaq biz bu peyvəndləri tətbiq edəndə təkcə xəstəliklərə qarşı yox, həmin ölkənin maddi imkanlarına da baxırıq. Əgər hər hansısa peyvənd  İmmunlaşdırma Proqramı tərəfindən pulsuz verilmirsə, bu o demək deyil ki, o vaksin pisdir. Sadəcə həmin ölkənin onu əldə etmək imkanları məhduddur.

- Cənab F. M. Torres siz Azərbaycanda hansı peyvəndlərin tətbiqini vacib hesab edirsiniz?

- Mən Azərbaycanda tətbiq olunan vaksinlə bağlı qərar vermək səlahiyyətim olsaydı mütləq insan papillomo virusu və rotavirus vaksini tətbiq edərdim. Rotavirus vaksini körpələrə verilir. Bağırsaq infeksiyaları üçün 6 həftəlik uşaqlarda artıq bu peyvənd aparılmalıdır. Bu peyvənd həm oğlanlara, həm də qızlarda aparılır. İnsan papillomo virusu isə qızlarda 9 yaşından başlayaraq aparılmalıdır.  Bu peyvənd qızlarda insan papillomo virusu ilə törədilən xərçəngin qarşısını alır. Biz bilirik ki, insan papillomo virusu  qadınların uşaqlıq yolunda yayılan xərçəngdir. Qərbi Avropada ölkələrin demək olar ki, hamısı bu peyvəndi öz Milli İmmunlaşdırma Proqramına daxil ediər.  Bu da qadınlarda xərçənglə mübarizəyə kömək edir.