Azərbaycanın Avstraliyadakı səfirliyinin daha bir əməkdaşı XİN sistemindən uzaqlaşdırılıb

9 Sentyabr 2015 16:11 (UTC+04:00)

Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin keçmiş III katibi Fərid Sübhanverdiyev bu il iyunun 18-də vəzifəsindən azad edilib.


Movqe.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, F. Sübhanverdiyev "Diplomatik xidmət haqqında", "Dövlət qulluğu haqqında" və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə"sinin müvafiq bəndlərinə əsasən işdən çıxarılıb: "O, tutduğu vəzifədən azad edilərək ezamiyyətdən geri çağırılıb, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib. Həmin tarixdən etibarən o, səfirlikdə çalışmır".

Qeyd edək ki, səfirliyin digər III katibi Anar Həsənov da vəzifəsindən kənarlaşdırılaraq, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib.

Səfir Rövşən Cəmşidov açıqlamasında A. Həsənovu "peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz əməkdaş" kimi xarakterizə edib.