Moskvada rəssam Əsgər Məmmədovun 70 illik yubileyi qeyd olunub

9 Sentyabr 2015 17:22 (UTC+04:00)

Moskvada Azərbaycan və Rusiya Federasiyasının əməkdar rəssamı Əsgər Məmmədovun 70 illik yubileyi qeyd olunub.

Movqe.az xəbər verir ki, Mərkəzi Rəssamlar Evində Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əsgər Məmmədovun 70 illik yubileyinə həsr olunan sərginin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun, Ümumrusiya Azərbaycan Konqresinin və hər iki ölkənin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu Əsgər Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edərək səfirlik adından onu təşəkkürnamə ilə təltif edib: "Hər bir rəssamın həyatında şəxsi sərgisi böyük hadisə olur. Bu gün bu sərgidə yeni əsərlər nümayiş olunur. Görünür ki, bu əsərlər Əsgər Məmmədovun doğma yurdu Qarabağa nostalgiyası ilə bağlıdır".

Rəssamın şəxsi keyfiyyətlərindən danışan səfir bildirib ki, əsərlərinin bir neçə dəfə yanğın nəticəsində məhv olmasına baxmayaraq, Ə. Məmmədov özündə güc toplayaraq rəsm çəkməyə davam edib.

Ə. Məmmədov isə çıxışında ona verilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, səfir Polad Bülbüloğluna və Rusiyadakı Azərbaycan diasporuna təşəkkürünü bildirib.