İtaliya parlamenti nümayəndə heyəti Azərbaycanda səfərdədir

9 Sentyabr 2015 17:48 (UTC+04:00)

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, senator Sergio Divinanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib.


Movqe.az xəbər verir ki, Parlamentdən verilən məlumata görə, bu gün qonaq nümayəndə heyəti əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.


Komitənin sədri Səməd Seyidov iki ölkənin yüksək səviyyədə olan əlaqələrindən, beynəlxalq qurumlardakı faydalı əməkdaşlıqdan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən söz açıb. O bildirib ki, Azərbaycanda tolerantlıq və dini dözümlülük yüksək səviyyədədir: "Ölkəmizdə müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayır və fəaliyyət göstərirlər. İki ölkə arasında ticarət dövriyyəsi də yüksəkdir və bizim münasibətlərimiz digər Avropa ölkələrinə nümunə ola bilər. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün İtaliya ən yaxşı tərəfdaş kimi dəyərləndirilir".


S. Divina da ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycanda gedən inkişafdan, əldə olunan uğurlardan geniş bəhs edib.


Sonra senatorlar Milli Məclisdəki  Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüblər. Qrupun rəhbəri Azər Kərimli bildirib ki, iki ölkə arasında bir sıra beynəlxalq sənədlər ratifikasiya olunmuş və Azərbaycan İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Söhbət zamanı qonaqlara ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər barədə məlumat verildi. Hər iki ölkənin investisiya imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb. Əməkdaşlığın müxtəlif istiqamətlərindən danışan Sergio Divina Azərbaycan həqiqətlərinin, milli mənəvi dəyərlərinin, musiqisinin İtaliyada daha geniş tanınması istiqamətində Heydər Əliyev Fondunun gördüyü misilsiz işləri yüksək qiymətləndirib. Qonaq İtaliyada tarixi abidələrin bərpasında göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna, fondun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.