Qızılın qiyməti ilə bağlı paradoksal vəziyyət

10 Sentyabr 2015 07:00 (UTC+04:00)

Qızıl bazarında aktivliyin aşağı düşdüyü müşahidə edilir. Amma buna rəğmən, qiymətlər hələ də yüksək sayılır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin eksperti Rafiq Qasımov bu xüsusda bildirdi ki, dünyada təkcə qızıl yox, əksər strateji və çox işlənilən məhsulların qiymətləri qalxdıqda Azərbaycanda da daxili istehlak bazarında adekvat vəziyyət yaranır: "Bu da təbii prosesdir. Amma iş burasındadır ki, əks tendensiya baş verdikdə daxildə ucuzlaşmanı həmişə hiss etmirik. Buna misal kimi 2009-cu il böhranını göstərə bilərik. Yəni, söylənilənlər tək qızıla aid deyil. Daxildə ucuzlaşmanın olmamasını isə rəqabət qabiliyyətinin zəif olması ilə izah etmək mümkündür. Məhz rəqabətin zəif olmasından müəyyən şəxslər maksimum gəlir əldə etmək niyyətindədir. Yəni, xarici bazarlardakı bahalaşma onlar üçün bir bəhanəyə çevrilib. Amma sonradan qiymətlər endikdə onlar eyni addımı atmaqda maraqlı olmurlar. Eyni sözləri qızıla adi etmək olar ki, bu sahədə də rəqabətin zəif olması hər kəsə bəllidir".

Rafiq Qasımov əlavə etdi ki, qızılın qiyməti tələb və təklifdən asılıdır: "Eyni zamanda nəzərə alaq ki, qızıl investorlar üçün yatırım vasitəsidir. Həmişə dünyada neft ucuzlaşanda qızıl bahalaşır. Neftin qiymətləri yüksəldikdə isə qızılın qiyməti ya sabit qalır, ya da ucuzlaşır. Ancaq onu nəzərə alaq ki, qızılın qiymətindəki enişin müəyyən həddi var. Yəni, qızıl heç vaxt maksimum dərəcədə ucuzlaşa bilməz".

Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə bildirdi: "Qızıl ticarəti ilə məşğul olan insanlar qızılı qiymətinin yüksək olduğu vaxt alıblar. Odur ki, hazırda baha aldıqları qızılı ucuz qiymətə satmaq istəmirlər. Ancaq rəqabət güclü olsa idi, ucuz gətirilən məhsullar həmin bahalı qızılı da ucuzlaşdırardı. Dünyada qızılın qiyməti azad bazarda müəyyənləşir. Qızılın qiyməti külçələrlə məşğul olan 5 aparıcı Britaniya dileri tərəfindən gündə iki dəfə Londonun qızıl birjasında təyin edilir. Hətta Azərbaycanda da qızılın qiyməti ondan asılıdır. Çünki, Azərbaycan qızıl istehsalçısı yox, idxalçısıdır. Yəni, bizdə də qiymətlər xarici bazardan asılı olmalıdır".