Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq miqyasda da yüksək qiymətləndirilir

10 Sentyabr 2015 10:00 (UTC+04:00)

Dünya iqtisadiyyatında hazırda ən böyük narahatlıqla izlənən məsələlərdən biri də yeni böhran dalğası ilə bağlıdır. Hesab olunur ki, Avropa, Asiya ölkələrinin iqtisadiyyatında müşahidə olunan böhran dərinləşərsə, bu, daha ço ölkələrin iflası ilə nəticələnə bilər. Hər halda proseslərin real gedişi dünya iqtisadiyyatı üçün ciddi təhdidin yarandığını göstərir.

Düzdür, düşünülmüş siyasət nəticəsində yaranan təhlükələri uğurla dəf edənlər də var. Məsələn, Azərbaycan qlobal iqtisadiyyatda yaranan problemlərə qarşı effektiv preventiv tədbirlər görə bilib. Sentyabrın 8-də Prezident İlham Əliyev iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı bu məsələyə də toxunub: "Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il "Fitch" reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim "BBB" səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar".

Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın yeni qlobal iqtisadi böhrana səmərəli şəkildə tab gətirdyini bildirir. Məsələn, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib. "Fitch"in analitikləri qeyd edir ki, Azərbaycan tədiyyə balansının güclü olması hökumətə bank sisteminə likvidlik və kapital dəstəyi vermək imkanını göstərib.

Agentliyin hesabatına əsasən, iyul ayının əvvəlinə Azərbaycan Beynəlxalq Bankı (ABB) bank sektorunda 35% paya malikdir və minimum kapital adekvatlığı tələbnaməsiniyerinə yetirib. İlin sonuna qədər ABB-də bir dəfə kapital qoyuluşu və dəyərdən düşən aktivlərin satışı ehtimal olunur. "Fitch" 2015-ci ildə bank sektorunun borc öhdəliklərinin artmayacağını proqnozlaşdırır. Analitiklər bildirirlər ki, kreditlərə olan tələbatın da zəifləməsi prosesi 2016-cı ildə davam edəcək. "Fitch"in ekspertləri hesab edirlər ki, iyul ayının 1-nə depozit sahiblərinin 67%-i banklardakı vəsaitlərini xarici valyutaya konvertasiya edib. Buna görə də banklar milli valyutada müşahidə olunan gərginliyi azaltmaq üçün qısa valyuta mövqeyinin qorunmasına maraq göstərmir. Ancaq istənilən halda Azərbaycanı bir çox ölkələr kimi ciddi iqtisadi təhdidlər gözləmir. Təbii ki, bütün bunlara əsas səbəb düşünülmüş siyasət, iqtisadiyyatın diversifiksiyası üçün vaxtınd aatılan addımlardır. Məhz bütün bunlar ölkənin dinamik iqtisadi tərəqqisinin davam edəcəyini göstərir. "Fitch Ratings" isə Azərbaycan manatının bundan sonra devalvasiyası ehtimalını qiymətləndirib. Agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev hesab edir ki, Azərbaycandan fərqli olaraq MDB-nin digər ölkələrində isə devalvasiya daha dərin olub. Agentlik Azərbaycanda yeni devalvasiya gözləmir.