Luqanskda azərbaycanlı iş adamı qətlə yetirilib

9 Sentyabr 2015 19:10 (UTC+04:00)

Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı avtomobilində gülləbaran edilib


 Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Movqe.az xəbər verir ki, Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı,1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan "Luqansk Xalq Respublikası"nın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib.