Bakıdan Gəncəyə sərnişindaşımada iki mərtəbəli qatarlar işləyəcək

10 Sentyabr 2015 13:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yollları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.


Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazırlanır: "Yeni icra olunacaq layihələr çərçivəsində iki mərtəbəli qatarların Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada xəttə buraxılması da var. Amma bu məsələyə Bakı-Sumqayıt qatar xətti işə salınandan sonra baxılacaq. Hazırda diqqət Bakı-Sumqayıt qatar xəttinin işə salınmasına yönəlib. Məqsədimiz odur ki, yeni tədris ilindən etibarən bu iş yekunlaşsın və insanlar mənzil başına daha rahat çata bilsinlər".


Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və işlər artıq yekunlaşmaq üzrədir. Sentyabrın 15-də işə düşəcək yeni dəmir yolu xəttində istifadə üçün Azərbaycana KİSS markalı 2 iki mərtəbəli elektrik qatarı gətirilib. Daha 3 elektrik qatarı ısə bu ilin sonuna kimi gətirilərək xəttə buraxılacaq.


İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər bir şərait yaradılıb.