Kondisioner dəhşətli xəstəlik yaradırmış

10 Sentyabr 2015 17:26 (UTC+04:00)

Yay fəsli öz yerini payıza versə də, havaların hələ də yayın qorabişirən aylarında olduğu kimi isti keçməsi çoxlarını kondisioneri işlək vəziyyətdə saxlamaq məcburiyyətində qoyur. Elə bəlkə də bu səbəbdəndir ki, kondisionerin soyuğunda sərinləyənlərin çoxu yolunu xəstəxanalardan salmalı olur. Movqe.az-ın araşdırması zamanı bəlli olub ki, kondisioner nəinki insanı xəstələndirə, hətta plevrit kimi dəhşətli xəstəliyə düçar edə bilər. Professor Adil Qeybullanın Movqe.az-a verdiyi məlumata görə, kondisionerin özünün yaydığı bir xəstəlik var ki, buna Legionella deyilir. Professorun sözlərinə görə, legioner xəstəliyi insanlarda ağciyər iltihabına, uzun müddət tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər: "Bəzən insanlar kondisionerdə sərinləməyin onların səhhətinə göstərəcəyi təsiri ciddi qəbul etmirlər. Halbuki, kondisionerdən düzgün istifadə edilməzsə, bu, ağciyərlərə suyun yığılması kimi tanınan plevrit xəstəliyinə belə səbəb ola bilər. A. Qeybullanın sözlərinə görə, bəzən insanlar duş qəbul etdikdən sonra kondisionerin altında uzanır. Bu çox təhlükəlidir. Bu ağciyər iltihabına, plevrit xəstəliyinə yol aça bilər".

A. Qeybullanın sözlərinə görə, ümumiyyətlə uzun müddət bədən temperaturundan çox aşağı temperaturda dayanmaq orqanların soyuqlamasına gətirib çıxardır. Belə hallarda insanlarda böyrək spazmları baş verir. Eləcə də, hərarətin artması və sair kimi orqanların soyuqlaması ilə nəticələnən fəsadlar üzə çıxır. Odur ki, həkim kondisionerdən istifadə zamanı , otağın havasının 15 saniyə açıq qalmasının vacib olduğunu deyir. Onun sözlərinə görə, kondisinerin hava yolları ilə otağa daxil olan mikroblar qapı açıq qalmalıdır ki, otaqdan çıxsın. Sonra pəncərələri bağlamaq olar: "Avtomobildə kondisioner istifadə zamanı da pənəcərəni bir neçə saniyə açıq saxlamaq vacibdir".

Professorun sözlərinə görə,  kondisioner istifadə edilən otaqda oturmaq, iş görmək qulaq, əzələ, boyun ağrılarına da səbəb olur. Uzun müddət kondisionerin işlədiyi otaqda oturmaq tənəffüs yollarının iltihabı ilə nəticələndiyindən, öskürəyə də gətirib çıxardır. Həmsöhbətim deyir ki, ümumiyyətlə, otağın istiliyi çöldə havanın temperaturundan 7-8 dərəcə aşağı saxlanılmalıdır. Yəni kondisionerin temperaturunu kəskin şəkildə aşağı salmaq düzgün deyil.