Nağdsızlaşmayan ödənişlər

11 Sentyabr 2015 10:00 (UTC+04:00)

Məlumdur ki, maliyyə bazarını şəffaflaşdırmaq və korrupsiya ilə mübarizəni gücləndirmək, eləcə də nağd hesablaşmaların məhdudlaşdırılması üçün antiinflyasiya tədbirlərindən biri kimi qeyri-nağd ödəniş formasına keçidi sürətləndirməkdir. Bu fonda atılacaq addımlardan biri də ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılmasıdır.

Artıq bu gün demək olar ki, əksər xidmət və ticarət sahələrində POS-terminalları görmək mümkündür. Ancaq problem odur ki, onlardan istifadə o qədər də geniş yayılmayıb. Belə ki, hazırda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 6-7 faizini təşkil edir və bu, çox aşağı göstəricidir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, burada həm əhali, həm də sahibkarlarda problem var: "Əhali tərəfindən yaranan problem ondan ibarətdir ki, onlar məlumatsızdırlar. Vətəndaşlarla məlumatlandırma işləri aparılmalıdır. Digər tərəfdən, əhalinin istifadə etmək üçün kart əldə etmək imkanı da elə yüksək deyil. Ölkədə 5 milyondan çox kredit kartı var. Onun 80%-i debet kartıdır. Yəni, əmək haqqı, sosial ödəniş və təqaüd kartlarıdır. Qalanları isə kredit kartıdır. Digər tərəfdən də Mərkəzi Bankın kreditləri şərtlərini sərtləşdirən qərarı insanların kredit kartına əlçatanlığını azaldır. Yəni, hələlik ölkədə kart azdır. Elə sahibkarın da marağında deyil. Çünki, POS-terminaldan istifadə birbaşa rəsmiləşdirmə deməkdir. Amma sahibkar dövriyəsini rəsmiləşdirməkdə maraqlı deyil. POS-terminaldan istifadə üçün əlavə vəsait ödənilməlidir. 4% sadəlşdirilmiş verginin üzərinə əlavə olaraq da POS-terminal vergisi gəlirsə, sahibkarın vergi yükü 5%-ə çatır".

İqtisadçının sözlərinə görə, dövlət bu sahədə təşəbbüs göstərməlidir: "İlk növbədə güzəşt tətbiq etməlidir. Sadələşdirilmiş vergi 4%-dirsə, bunu nağdsız ödənişdə 2%-ə endirmək olar. Eyni zamanda dövlət tərəfindən digər stimullaşdırıcı tədbirlərin görülməsi də mümkündür. Söhbət məhdudlaşdırmadan gedir. Yəni, iri məbləğdə alqı-satqının nağd aparılması qadağan edilə bilər. Bu cür praktika xaricdə var ki, böyük məbləğlər ancaq kartla aparılır. Həmçinin bonus sistemi tətbiq etməklə insanları POS-terminaldan istifadə etyəmə maraqlandırmaq olar".

Elektron ticarət üzrə ekspert Zahir Rəhimov ilk olaraq onu bildirdi ki, bütün ticarət obyektlərdə POS-terminalların olması zəruridir: "Qanun da bunu tələb edir. Sadəcə, insanların bunlardan istifadə etməməsinin əsas səbəbi əhalinin məlumatsız olmasıdır. Onlar kartdan istifadənin istehlakçıya verdiyi üstünlüyü bilmirlər. Odur ki, insanlar arasında maarifləndirici işlər aparılmalıdır. Bu zaman digər manipulasiyalara daha az yer qalır. Nəticədə daha çox vergi ödənilir və dövlət varlanır. Pul bu və ya digər şəkildə dövlət büdcəsindən vətəndaşın özünə qayıdır.

Digər tərəfdən bu kartlar vasitəsi ilə insanlar əmanətini daha yaxşı qoruya bilər. İnsanlar maaş, pensiya kartını kredit kartı kimi başa düşürlər. Eyni zamanda ticarət obyektləri də kartdan istifadəni təklif etməlidir. Banklar da bununla bağlı müəyyən kampaniyalar aparmalıdır. Oradan götürdükləri faizləri bir müddət alıcıya qaytarmalıdırlar ki, alıcını POS-terminaldan istifadəyə sövq etdə bilsinlər. Bu məsələdə KİV-in də rolu var. KİV-də bununla bağlı reklam getməlidir. İnsanların bu kartlardan istifadə etməməsinin elə əsl səbəbi də KİV-də bununla bağlı məlumatların az yer almasıdır. Ancaq hazırda insanlarda belə bir qorxu da var ki, kartı itirən zaman oradakı pullarını çəkib çıxardarlar. Halbuki, kartın bütün təhlükəsizliyi dövlət tərəfindən qorunur".