Azərbaycanda sahibkarlara bu il 139 mln. manat güzəştli kredit verilib

10 Sentyabr 2015 18:45 (UTC+04:00)

Lənkəranda sahibkarlara güzəştli kreditlər verilib

Bu gün "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 66 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib.

Movqe.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 103,4 mln. manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər hesabına reallaşdırılan layihələrin icrası 11 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu kreditlərin 25,4 mln. manatı Lənkəranın payına düşüb.

Forumda Lənkəran və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının, dekorativ üzlük daşların, plastik qabların istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim edilib.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövründə ölkə üzrə 3 960-dək sahibkara 139,4 mln. manat (bu gün keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.