Rayon avtomobilləri üçün 1100 yerlik duracaqlar tikilir

10 Sentyabr 2015 18:55 (UTC+04:00)

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qərarına əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların tikintisini başa çatdırmalı, sentyabrın 15-də istifadəyə verilməlidir.

 

Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib. Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilərlər.

 

Bəs sentyabrın 15-də tam istifadəyə veriləcək duracaqlarda tikintinin gedişi hansı mərhələdədir, duracaqların tutumu necədir, bu duracaqlarda rayon qeydiyyatında olan minik avtomobillərinin sürücüləri və sərnişinləri üçün hansı şərait yaradılıb?

 

Movqe.az xəbər verir ki, APA-nın əməkdaşları öncə şəhərin cənub girişində, Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığında yerləşən duracaqda tikintinin gedişi, sürücülər və sərnişinlər üçün yaradılan şəraitlə maraqlanıblar.

 

Duracaq Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən inşa olunur. Şəhərin cənub girişində tikilən duracaq üçün 1,95 hektar ərazi ayrılıb. Minik avtomobilləri üçün nəzərdə tutulan meydança 468 minik avtomobili üçün nəzərdə tutulub. Hazırda meydançada işlər yekunlaşmaq üzrədir, sabah kiçik sahəyə də asfalt üzlüyün vurulması və nişanlama işlərinin aparılmasının başa çatdırılması planlaşdırılır. Duracaqda ümumi sahəsi 450 kv.m olan birmərtəbəli ictimai-iaşə binasında isə üzləmə və digər işlərin isə sentyabrın 15-ə qədər başa çatdırılması nəzərdə tutulur, bununla bağlı işlər sürətləndirilib. İctimai-iaşə binasında sürücü və sərnişinlər üçün sahəsi 135 kv.m olan gözləmə zalı, sürücü və sərnişinlərin çay, kofe və yemək sifariş etmələri üçün sahəsi 52,22 kv.m olan kafe, sahəsi 17 kv.m olan ana-uşaq otağı, sürücü və sərnişinlərə lazımi tibbi xidmətin göstərilməsi üçün sahəsi 16 kv.m olan tibb otağı, bundan əlavə, duracaqda xidmət aparacaq yol polis əməkdaşları üçün iki xidməti otaq, kişi və qadınlar üçün sanitar qovşaqlar var. Duracaqda tikilən su anbarında da işlər yekunlaşmaq üzrədir. Duracağın ərazisi bütün tərəflərdən projektorlarla əhatə olunub. Yəni gecə saatlarında duracaqda avtomobillərin yerləşməsi və hərəkəti üçün hər hansı problem olmayacaq.

 

Duracaqda ayrıca transformator və generator da quraşdırılacaq. Su anbarının tikintisi duracaqdakı ictimai-iaşə binasında daim suyun olmasını, generator isə duracağın davamlı elektrik enerji ilə təchizatını təmin edəcək. İctimai-iaşə binasında yay aylarında sərinliyin təmin edilməsi üçün kondisionerlər, qış aylarında istiliyin təmin edilməsi üçün kombi sistemi quraşdırılacaq.

 

İctimai-iaşə binasından əlavə, duracaqda sahəsi 35 kv.m olan nəzarət məntəqəsi də tikilib, son tamamlama işləri aparılır.

 

Şəhərin şimal girişindəki duracaq isə Bakı-Quba yolunun 16-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında yerləşir. Bu duracaq da şəhərin cənub girişindəki duracaqla eyni layihə əsasında tikilir. Bu duracağın ümumi sahəsi və minik avtomobili tutumu şəhərin cənub girişindəki duracaqdan daha böyükdür. Bu duracağın ümumi sahəsi 2,8 hektardır və 630 minik avtomobili üçün nəzərdə tutulub. Burada minik avtomobilləri üçün nəzərlə tutulan meydançada asfalt işləri tam yekunlaşıb, yalnız nişanlama işlərinin aparılması qalıb. Bu işlərin də yaxın 2 gün ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

Paytaxtın şimal girişindəki duracaqda ictimai-iaşə binasının ümumi sahəsi isə 430 kv.m-dir, yəni paytaxtın cənub girişində tikilən duracaqdakı ictimai-iaşə binasından 20 kv. m azdır. Buna görə də buradakı ictimai-iaşə binasında yol polis əməkdaşları üçün 2 yox, bir xidməti otaq nəzərdə tutulub. Burada da ictimai-iaşə binasında tamamlama işlərinin sentyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulub.

 

Bu duracaqda da ictimai-iaşə binasından əlavə, sahəsi 35 kv.m olan nəzarət məntəqəsi tikilib.

 

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Bakı-Şamaxı yolunda, Müşfiqabad qəsəbəsi yaxınlığında rayon qeydiyyatında olan avtomobillər üçün üçüncü duracağın tikintisi üçün də torpaq sahəsi ayrıldığını açıqlayıb. Həmin ərazidə tikinti işlərinə şəhərin şimal və cənub girişində duracaqlar istifadəyə veriləndən sonra başlanılacaq.