Azad Kərimli: “Azərbaycanda onkoloji xəstələrin 70-80 faizi xəstəliyin 3-4-cü mərhələsində həkimə müraciət edirlər”

11 Sentyabr 2015 11:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu gün Bakıda I Türkiyə- Azərbaycan Onkoloji Günləri başlayıb. Konfransın keçirilməsində məqsəd iki ölkə arasında onkoloji sahədə əlaqələri daha da genişləndirmək və elmi tədqiqat müqavilələrinin bağlanılmasıdır.

Tədbirdə çıxış edən Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirib ki, tək məqsəd türk onkoloqlarını deyil, eləcə də türkdilli ölkə onkoloqlarının bir araya gətirməkdir: "Həmçinin, hər ikitərəfli əməkdaşlıq təcrübəsindən yararlanmaq qarşıda duran vəzifələrdən biridir. Bütün bu məsələlər bugünkü tədbirdə müqavilələrin imzalanması ilə öz həllini tapacaq. Konfransda bundan başqa, onkoloji xəstəliklərlə əlaqədar diaqnozun və müalicə taktikasının düzgün seçilməsi əsas müzakirə mövzusu olacaq".

Baş onkoloq onu da qeyd edib ki, tək Azərbaycanda deyil, dünyanın başqa ölkələrində də onkoloji xəstələrin 70-80 faizi xəstəliyin 3-4-cü mərhələsində həkimə müraciət edirlər: "Lakin xəstələr xəstəliyin I və II mərhələsində həkimə müraciət edərsə, xəstəliklə mübarizə aparmaq mümkündür".

Xatırladaq ki, konfransda iştirak etmək üçün Türkiyədən 45 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.