Praqada Azərbaycan və Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın növbəti iclası keçirilib

11 Sentyabr 2015 12:21 (UTC+04:00)

Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın III iclası 2015-ci ilin 10 sentyabr tarixində Praqa şəhərində keçirilib.

Movqe.az xəbər verir ki, Azərbaycanın Çexiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat və sənaye nazirinin müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Sahil Babayev rəhbərlik edib. Çexiya nümayəndə heyətinə isə sənaye və ticarət nazirinin müavini, Komissiyanın Çexiya tərəfdən həmsədri cənab Vladimir Bartl başçılıq edib.

Hər iki tərəf Çexiya və Azərbaycan arasında hal-hazırkı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və bu əlaqələrin davamlı inkişafının vacibliyinin hər iki tərəfin ümumi marağında olduğunu təsdiq ediblər. Ölkələr arasında yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında vacib rol oynadığı bildirilib.

Qarışıq Komissiyanın 3-cü iclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb. Protokolda ölkələr arasında ticarət, investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları öz əksini tapıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çexiyanın tam dəstəyi bir daha bəyan edilib.