Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib

11 Sentyabr 2015 13:26 (UTC+04:00)

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib. 

Movqe.az xəbər verir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün müsabiqə, 7 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 40-ı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

"Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.